00:00:00
Yazar
Zəhra Həsənova
14.05.2026 21:39 43 2 dəq oxuma
Siyasət

“SOCAR-ın Özbəkistanda nümayəndəlik açması Mərkəzi Asiyanın enerji xəritəsində ciddi dəyişikliklərə səbəb olacaq”-ŞƏRH

“SOCAR-ın Özbəkistanda nümayəndəlik açması Mərkəzi Asiyanın enerji xəritəsində ciddi dəyişikliklərə səbəb olacaq”-ŞƏRH

SOCAR-ın Özbəkistanda nümayəndəlik açması ilə bağlı qərar qəbul olunub. Bu məsələ Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Rövşən Nəcəf arasında keçirilən görüşdə müzakirə edilib. Görüş zamanı neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi və beynəlxalq layihələrdə tərəfdaşlığın artırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

 

Mövzu ilə bağlı iqtisadi və enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, SOCAR-ın Özbəkistanda nümayəndəlik açması şirkətin beynəlxalq enerji strategiyasının mühüm hissəsidir və bu addım Azərbaycanın Mərkəzi Asiya enerji bazarındakı mövqelərini daha da gücləndirəcək:

 

“2024-cü ildə “Özbəkneftqaz” ilə SOCAR arasında əməkdaşlıq sazişinin imzalanması və daha sonra “Üstyurt” investisiya blokunun işlənməsi ilə bağlı hasilatın pay bölgüsü sazişinin əldə olunması artıq strateji enerji əməkdaşlığının formalaşdığını göstərir. SOCAR-ın Özbəkistanda nümayəndəlik açması isə bu əməkdaşlığı institusional səviyyədə daha da gücləndirəcək. Bu addım karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və dərin emalı üzrə birgə layihələrin genişlənməsinə, neft və neft məhsullarının uzunmüddətli tədarükünün təşkilinə, eyni zamanda enerji sənayesi üçün peşəkar kadr hazırlığının inkişafına əlavə imkanlar yaradacaq”.

 

Ekspert qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında enerji tərəfdaşlığı gələcək dövrdə yalnız neft-qaz sahəsi ilə məhdudlaşmayacaq və daha geniş istiqamətləri əhatə edəcək:

 

“Hazırda Mərkəzi Asiyada enerji resurslarının dünya bazarlarına çıxışı məsələsi daha aktual xarakter alıb. Bu baxımdan Azərbaycan tranzit və logistika imkanları ilə region üçün mühüm körpü rolunu oynayır. Gələcək mərhələdə neft-kimya sənayesi, yaşıl enerji layihələri, alternativ enerji istehsalı və enerji daşımalarının şaxələndirilməsi istiqamətində əməkdaşlığın genişlənməsi mümkündür. SOCAR və beynəlxalq tərəfdaşların Özbəkistanda həyata keçirəcəyi layihələr Mərkəzi Asiyanın enerji xəritəsində yeni iqtisadi və geosiyasi reallıqlar formalaşdıra bilər”.

Ayşə Müzəfərli

#nümayəndəlik #açması #özbəkistanda #“socar-ın #asiyanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər