00:00:00
Yazar
Nərmin Həşimova
17.05.2026 14:03 43 4 dəq oxuma
Siyasət

“Azərbaycanın qazandığı yüksək etibar ölkəmizin qlobal diplomatiya mərkəzinə çevrilməsini təmin edir”- DEPUTAT

“Azərbaycanın qazandığı yüksək etibar ölkəmizin qlobal diplomatiya mərkəzinə çevrilməsini təmin edir”- DEPUTAT

"Azərbaycanda müxtəlif sahələri əhatə edən dünya əhəmiyyətli tədbirlərin mütəmadi keçirilməsi ölkəmizin qlobal diplomatiya mərkəzinə çevrildiyini göstərir. Azərbaycanda, xüsusilə də Bakı şəhərində dünya əhəmiyyətli tədbirlərin keçirilməsi artıq bir ənənə şəklini alıb. İstər Bakı Avropa Oyunları, istər İslam Həmrəyliyi Oyunları, MDB oyunları, digər tərəfdən Formula 1, Şəhərsalma Forumu, COP29, yəni kifayət qədər çoxşaxəli və müxtəlif istiqamətli tədbirlərin keçirildiyini görürük”.


Bu sözləri “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. 


O qeyd edib ki, hətta burada multikulturalizm, humanitar forumlar və digər səpkili tədbirlər də kifayət qədər çox olur:


“Bu da ondan xəbər verir ki, Azərbaycan həqiqətən ictimai, siyasi, idman və digər səpkidə olan diplomatiyanın mərkəzinə çevrilməkdədir. Azərbaycanın daxili sabitliyi, regional təşəbbüsləri və regiondakı mövqeyi  beynəlxalq tədbirlərə ev sahibliyi etmək hüququnun məhz ölkəmizin xeyrinə verilməsini şərtləndirir. Burada həmin tədbirlərin keçirilməsi Azərbaycana olan etimaddan və etibardan irəli gələn haldır. Çünki bu tədbirlərin keçirilməsi üçün qərarlar həmin tədbirlərin təşkilat komitəsi vasitəsilə ölkədəki sabitlik, ölkənin həmin sahəyə ayırdığı diqqət və verdiyi töhfə nəzərə alınaraq verilir. Burada önəmli olan məsələ, təbii ki, ölkənin beynəlxalq münasibətlər sistemində tutduğu yer, oynadığı rol və strateji mahiyyət daşıyan bir çox regional təşəbbüslərin həyata keçirilməsində fəal iştirakı, bəzi hallarda bu təşəbbüslərin məhz Azərbaycanın irəli sürməsidir. Bunlar hamısı şübhəsiz ki, qərarvermə prosesində nəzərə alınır və yalnız bundan sonra qərar verilir. Hətta COP29, İslam Oyunları kimi bir çox dövlətin ev sahibliyi etmək istədiyi tədbirlərin Azərbaycanda keçirilməsini nəzərə aldıqda görürük ki, Azərbaycan rəqabətə davamlı, dayanıqlı mövqe sərgiləməklə qərarın ölkəmizin xeyrinə verilməsinə nail olur. Azərbaycanın beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə sadiq daxili-xarici siyasət strategiyası, regional təşəbbüsləri və qazandığı yüksək etibar ölkəmizin qlobal diplomatiya mərkəzinə çevrilməsini təmin edərək dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsini şərtləndirir”.


Deputat bildirib ki, siyasi strategiya məsələsinə gəldikdə isə, bu tədbirlər müxtəlif mövzularda və müxtəlif sahələrdə ola bilər:


“Amma bu gün biz çox mürəkkəb bir dövrdə yaşayırıq və bir çox məsələlər həm də ölkənin nüfuzu və imici ilə bağlı olur. Atılan bütün addımlar həmin nüfuzun, imicin qazanılması ilə yanaşı, həm də gücləndirilməsinə, artmasına səbəb olur. Bu baxımdan ölkənin həm daxili, həm də xarici siyasət kursu bütövlükdə həmin imicin və nüfuzun artırılmasına yönələcək bir tərzdə həyata keçirilməkdədir . Bu da ölkənin siyasi strategiyasının əsas hədəflərindən biridir. Bir məsələni də yaddan çıxartmayaq ki, bu strategiya həyata keçirilərkən Azərbaycan hər zaman beynəlxalq hüququn təməl prinsiplərinə, ümumbəşəri mahiyyət daşıyan dəyərlərə sadiqliyini nümayiş etdirib və həyata keçirdiyi xarici siyasət kursunda xüsusilə bu məsələləri dünyaya bir örnək olaraq nümayiş etdirməkdən heç bir zaman çəkinməyib. Nəzərə alsaq ki, ölkəmizin məhz bu qəbildən özünü beynəlxalq müstəvidə tanıtması ilə yanaşı, həm də həmin tədbirləri çox yüksək səviyyədə həyata keçirən bir dövlət imicini qazanır, bu da yenə ölkənin inkişaf strategiyasının real bir bəhrəsidir”.


Azər Allahverənov vurğulayıb ki, , Azərbaycan beynəlxalq platformalarda, xüsusən Qoşulmama Hərəkatı və COP29-da qurduğu yüksək icra standartları ilə qlobal proseslərə mühüm töhfələr verir:


“Azərbaycanın bu uğurunu beynəlxalq aləmin mütərəqqi qüvvələri çox yüksək səviyyədə dəyərləndirir. Elə bu səbəbdən də Azərbaycan Qoşulmama Hərəkatına dörd illik sədrlik edib. Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda sədrlik etməklə yanaşı, həm də həmin beynəlxalq təşkilatların imicinin artmasına səbəb ola biləcək bir yanaşma sərgiləyib. Məhz o yanaşma əsasında da sonrakı mərhələdə Azərbaycan kifayət qədər yüksək bir icra modelini təqdim etməklə, hətta özündən sonra sədrliyə gələn dövlətlər üçün bir qədər də çox çətin, örnək bir miras qoyub. Çünki Azərbaycanın hər zaman yüksək səviyyədə keçirdiyi tədbirlərdə, xüsusilə ev sahibliyi etdiyi toplantılarda qazanılan uğuru sonrakı mərhələdə digər dövlətlərin sədrlik dönəmində qazanması olduqca çətin olur. Hətta bunu biz COP29-da da gördük. Çünki COP30, COP29-a nisbətən daha sönük və qərarların müəyyən bir qisminin icra olunmayan tərzdə qalması ilə xarakterizə oluna bilər. COP29 isə COP tarixində ümumiyyətlə ən yüksək səviyyədə keçirilməsi ilə bağlı bir ad-san qazanmış oldu.
Digər buna bənzər hallar kifayət qədər çoxdur və bu gün də Azərbaycan istər Türk Dövlətləri Təşkilatı formatında, istərsə də Qlobal Cənub platformalarında çox uğurlu şəkildə təmsil olunmaqla yanaşı, həm də BMT müstəvisində qəbul olunan bir çox inkişaf-icra strategiyalarını çox yaxşı reallaşdırır. Həmçinin bu baxımdan ümumbəşəri kontekstdə həmin proseslərə çox böyük töhfə verməklə özünü tanıdıb ki, bu da təbii ki, olduqca vacib bir nüansdır”.


Aydan Əsgərxanlı

#Azərbaycan #ev sahibliyi #diplomatiya #mərkəz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər