Prezidentin strateji mesajı: “Yerli istehsal və innovativ idarəetmə aqrar inkişafın əsas prioritetinə çevrilir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə səsləndirilən fikirlər aqrar sektorun inkişafı ilə yanaşı, ölkənin ərzaq təhlükəsizliyi və ümumi iqtisadi dayanıqlılığı baxımından strateji əhəmiyyət daşıyır.Ekspertlər bildirirlər ki, yerli istehsalın gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi idxaldan asılılığın azaldılması üçün əsas istiqamətlərdən biri kimi çıxış edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında aqrar iqtisadçı Tural Hüseynov bildirir ki, hazırkı mərhələdə taxılçılıq,heyvandarlıq və yem istehsalı strateji istiqamətlər hesab olunur.
“Çünki bu sahələr birbaşa ölkənin ərzaq təhlükəsizliyinə təsir edir. Xüsusilə, yem istehsalının inkişafı heyvandarlıq məhsullarının maya dəyərini aşağı sala bilər. Taxılçılıqda məhsuldarlığın artırılması isə idxaldan asılılığın azalmasına və daxili bazarın qorunmasına xidmət edir. Paralel olaraq istixana təsərrüfatı və meyvə-tərəvəz emalı sahələri də ixrac potensialına görə önəm daşıyır. Əsas boşluqlardan biri müasir suvarma sistemlərinin yetərincə geniş tətbiq olunmaması, məhsul emalı müəssisələrinin azlığı və fermerlərin texnologiyaya çıxış imkanlarının məhdud olmasıdır. Bundan başqa, keyfiyyətli toxum və yem bazasında da müəyyən asılılıq qalır. Problemlərin həlli üçün aqroparkların genişləndirilməsi, fermerlərə güzəştli kreditlərin artırılması, yerli toxumçuluğun inkişafı və kənd təsərrüfatında logistika sisteminin gücləndirilməsi vacibdir. İnnovativ texnologiyalar məhsuldarlığı artırmaqla yanaşı, resurs itkisinin də qarşısını alır. Damcılı suvarma, ağıllı monitorinq sistemləri, rəqəmsal idarəetmə və müasir kənd təsərrüfatı texnikaları həm suya, həm gübrəyə, həm də əmək resurslarına qənaət etməyə imkan yaradır. Bu isə nəticədə məhsulun maya dəyərini azaldır və fermerin gəlirliliyini artırır. Eyni zamanda, texnologiyanın tətbiqi daxili bazarda rəqabət qabiliyyətli və keyfiyyətli məhsul istehsalını sürətləndirir”.
Ədilə Hüseynzadə