Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik
ABŞ Prezidenti Donald Tramp 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə Azərbaycan və Ermənistan arasında sülhün irəlilədilməsində mühüm rol oynayıb.
Bu barədə Prezident İlham Əliyevin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb və birgə bəyanat qəbul olunub:
“Azərbaycan Prezidentinin öz sosial şəbəkə hesabında Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı səsləndirdiyi fikirlər diqqətçəkicidir. Bunun əsas səbəbi ötən il avqustun 8-də Vaşinqtonda Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin sülh sazişinin mətnini paraflaması və birgə bəyanatın qəbul olunmasıdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmalar əldə edildi, ABŞ bölgədə sülhə töhfə vermək məqsədilə müəyyən öhdəliklər götürdü. “TRIPP” marşrutunun, yəni Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret addımların atılmasına da başlanılıb. Bu baxımdan, Azərbaycan tərəfi Donald Trampın məhz bu istiqamətdəki fəaliyyətini, eləcə də Qəzzada atəşkəsin əldə olunması, Hindistan və Pakistan arasında münaqişənin dayandırılması, Kamboca və Tailand arasındakı qarşıdurmanın aradan qaldırılması və digər münaqişəli bölgələrdəki səylərini, o cümlədən Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətindəki fəaliyyətini nəzərə alaraq belə bir təşəbbüslə çıxış edib”.
Politoloq qeyd edib ki, Azərbaycan üçün əsas məsələ ABŞ-nin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına verdiyi töhfədir:
“Bizim üçün əsas məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına ABŞ Prezidentinin verdiyi töhfədir. Bu baxımdan, Donald Trampın atdığı addımlara qarşılıq olaraq Azərbaycan Prezidenti tərəfindən belə bir təşəbbüs irəli sürülüb. Hesab edirəm ki, bu təşəbbüs Azərbaycan-Amerika münasibətlərinin gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır. Belə ki, ötən ilin avqustundan yeni bir proses başlayıb və Bayden administrasiyası dövründə Azərbaycanla ABŞ arasında mövcud olmuş gərgin münasibətlər geridə qalıb”.
Oqtay Qasımov ABŞ vitse-prezidentinin Azərbaycana səfərinin də iki ölkə arasında münasibətlərin inkişaf dinamikasını göstərdiyini vurğulayıb:
“Artıq münasibətlərimiz ciddi şəkildə irəliləyib. Bu ilin fevralında ABŞ-nin vitse-prezidenti Ceyms D. Vensin Azərbaycana səfəri və burada strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması münasibətlərin inkişaf dinamikasını göstərir. Qarşılıqlı səfərlərin intensivləşməsi də bunu deməyə əsas verir.
Bu baxımdan, gələcək münasibətlərimiz üçün belə bir təşəbbüsün irəli sürülməsi önəmli idi və bu addım atıldı. Nobel Komitəsi bu təşəbbüsü dəyərləndirərək mükafatı Donald Trampa versə, hesab edirəm ki, bu, ABŞ administrasiyasının bölgəmizlə bağlı siyasətinə əlavə motivasiya verə bilər. Nəticədə müsbət tendensiya yarana və sülh prosesi daha sürətlə irəliləyə bilər”.
Ayşə Cəfərova