Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
“Qars–İğdır–Dilucu dəmir yolu xətti ilə Ermənistan-Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk”. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars–İğdır–Aralık–Dilucu Dəmir Yolu Layihəsi ilə bağlı açıqlamasında bildirib. O qeyd edib ki, 224 kilometrlik Qars–İğdır–Aralık–Dilucu dəmir yolu layihəsi üzrə işlər davam edir.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə Qarsdan Naxçıvan üzərindən Azərbaycanın əsas hissəsinə dəmir yolu bağlantısı yarana bilər:
"Qars-İğdır-Dilucu dəmir yolu xətti kiçik dəmir yolu hissəsi olsa da, regiondakı mövqeyi və digər nəqliyyat xətləri ilə əlaqələnmə imkanları baxımından böyük əhəmiyyət daşıyır. Bu xətt Türkiyə, Ermənistan, Azərbaycan və İranın dəmir yollarını bir-birinə bağlaya biləcək mühüm infrastruktur layihəsidir. Qarsdan İğdıra və Dilucuya dəmir yolu xəttinin çəkilməsi Naxçıvan vasitəsilə İranın dəmir yolu şəbəkəsinə çıxış imkanlarını genişləndirə bilər. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə Qarsdan Naxçıvan üzərindən Azərbaycanın əsas hissəsinə dəmir yolu bağlantısı yarana bilər".
Ekspert bildirib ki, Türkiyə ilə Ermənistan arasında Qars-Gümrü dəmir yolu xəttinin də açılacağını nəzərə alsaq, Bakıdan yola çıxan qatarın Ermənistan və Türkiyə ərazilərindən keçməklə Qarsa, Naxçıvana, daha sonra isə İrana hərəkət etməsi və yenidən Azərbaycana qayıtması mümkün ola bilər:
"Beləliklə, Qars-İğdır-Dilucu dəmir yolu xətti bir neçə ölkənin dəmir yolu şəbəkəsini vahid nəqliyyat sistemində birləşdirə biləcək strateji əhəmiyyətli layihəyə çevrilə bilər. Bu baxımdan, dəmir yolu xəttinin çəkilməsi regionun nəqliyyat xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Layihə Azərbaycan-Türkiyə əməkdaşlığının mühüm strateji nailiyyətlərindən biri kimi qiymətləndirilə bilər. Azərbaycanın vaxtında irəli sürdüyü təşəbbüsün Türkiyə tərəfindən dəstəklənməsi Cənubi Qafqaz və bütövlükdə Avrasiya üçün əhəmiyyətli nəqliyyat bağlantılarının formalaşmasına töhfə verə bilər. Qars-İğdır-Dilucu dəmir yolu xətti gələcəkdə Cənubi Qafqaz ölkələri arasında nəqliyyat əlaqələrinin genişlənməsində və regional əməkdaşlığın güclənməsində mühüm rol oynaya bilər".
Səmayə Səftərova