UEFA Çempionlar Liqası: "Linkoln" -"Qarabağ" -ŞƏRH

Tarix: 13:19 23.07.2024
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.
Matçla bağlı "informator.az"a açıqlama verən futbol eksperti Elçin Cəfərov bildirib ki, ötən mövsümlərdən fərqli olaraq bu mövsüm Azərbaycan futbol ictimaiyyətinin, azarkeşlərin ən böyük gözləntisi ondan ibarətdir ki, "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansın. Püşkatmanın nəticələri də önəmli imkan yaradıb:
"Komandalar arasında ciddi səviyyə fərqi var. "Qarabağ"ın keçən mövsümki avrokubokda uğurlu çıxışı artıq "Qarabağ"ı ciddi rəqib edib. Məncə, matç başlamadan öncə "Qarabağ" 0:1 öndədir. Qurban Qurbanov kimi mütəxəssisin komandaya baş məşqçi olaraq rəhbərlik etdiyini nəzərə alsaq "Qarabağ"ın digər oyunlarından fərqlənməyəcək, yəni sanki qarşısında "Bayer Leverkusen" "Braga" varmış kimi oynayacaq. Eyni ciddiyyət, konsentrasiya özünü göstərəcək. Qurban Qurbanov hər bir rəqibə adından, səviyyəsindən asılı olmayaraq ciddi yanaşmaq lazım olduğunu bildirir".
Ekspert qeyd edib ki, "Oyunda "Qarabağ"ın əsas heyətindən Musa Qurbanlı, Elvin Cəfərquliyev iştirak etməyəcək:
"Onlar önəmli oyunçulardır, lakin "Qarabağ"ın qarşısındaki rəqib belədir ki, oyunçuların yoxluğu hiss edilməməlidir. Komanda üçün problemlərdən biri müdafiənin mərkəzindədir. Uzun ötürmələr zamanı rəqib əks-hücum taktikası seçəcək. Digər bir problem suni qazon örtüyünün olmasıdır, çünki daha çox qısa ötürmələrə üstünlük verən kollektivlərin suni qazonda oyun keyfiyyəti istənilən səviyyədə olmur. Bu cür kollektivlərə qarşı matçda erkən qol çox önəmlidir".
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşün baş hakimi İştvan Vad (Macarıstan) olacaq.
Zəhra Həsənova