"Məşqçilik çətin peşədir"-Məşqçidən RƏY

Bölmə: İdman › ,
Tarix: 16:18 24.07.2024

"Məşqçi üçün məşqçiliyin ən gözəl tərəfi qələbə qazanılması, vurulan qollar və nəticədir. Nəticə olmayanda məşqçilik o qədər də asan bir peşə deyil".

 

Bu sözləri "informator.az"a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev söyləyib. O, bütün peşələri çətin saysa da, məşqçinin müxtəlif insanlarla işlədiyi üçün daha güclü olmalı olduğunu düşünür:

 

"Bütün peşələr çətindir, amma məşqçi müxtəlif insanlarla işləyən adamdır və onların hər birini 25-30 nəfəri hiss eləmək gücündə olmalıdır. Ünsiyyətdə daha güclü olmalı və əlbəttə futbolu da daha yaxşı bilməlidir ki, situasiyalardan çıxa bilsin. Futbol elə bir elmdir ki, məşqçilik elə bir işdir ki, hər dəqiqənin bir hökmü var deyə qərar vermək çətin olur. Məşqçiliyin gözəlliyi odur ki, düzgün qərar verə bilsin, situasiyaya, zamana uyğun qərarlar verə bilsin".

 

Məşqçi öz peşəsinin çətinlikləri barədə danışıb:

 

"Çətin tərəfi çoxdur, bəzən ünsiyyətdə alınmır, bəzilərinin xarakterində boşluqlar olur, bəzilərindən istədiyini ala bilmirsən və ən böyük çətinlik isə komanda üçün şəraitin olmamasıdır. Bu da məşqçi üçün böyük bir faciəyə gətirib çıxarır. Bunun başında maliyyə durur, maliyyənin yanında texniki maddi bazanın olmaması, futbolçuların yığışması, sənə uyğun sistemin qurulması üçün futbolçular tapılması çox çətin tərəflərdir. Məşqçi nəinki gözəl, çətinlik içində yaşayır. Ona görə çox çətin peşədir. Bu işdə bəxt də böyük bir amildir. Düşdüyün yer, sənə uyğun sistemin qurulması üçün şəraitin olması vacibdir, bunların olmaması sənin məşqçilik göstəricinə pis təsir edir".

 

Şahin Diniyev sonda gənc məşqçilərə öz tövsiyələrini verib:

 

"Gənc məşqçilər daha səbrli, təmkinli və ən başlıcası futbolçulara çatdırma qabiliyyəti olmalıdır, daha ünsiyyətcil olmalıdırlar. İşlərində məsuliyyətlə işləməki, hər seçimlərində daha ədalətli olmalıdırlar. Hər bir futbolçu bir talehdir, onların taleyinə yanaşanda daha diqqətli yanaşmalıdırlar. Başa düşürəm, kimisə çıxartmaq, kimisə götürmək, kimdənsə imtina etmək çətindir, amma bu da futbolun bir üzüdür. Sadəcə futbolun ədalətli olmasını istəyirəm və öz üzərlərində daha çox çalışmalarını istəyirəm".

 

Məhəmməd Qasımov