"Ekoloji problemlər o vaxt həll olacaq ki...'-RƏY

Bölmə: Sosial › ,
Tarix: 19:55 16.09.2024

"Məişət tullantılarının idarə edilməsi ən vacib həll edilməsi olan bir problemdir. Ekoloji problemlər o vaxt həll olacaq ki, bununla hər kəs məşğul olsun".

Bu sözləri ekoloq Sevil Yüzbaşeva "informator.az"a müsahibəsində ekologiyanın çirklənməsi probleminin həllindən danışarkən söyləyib. Ekoloqun sözlərinə görə, bunu yalnız təməlindən həll etmək istəyiriksə məktəblərdən, bağçalardan başlamaq lazımdır:

"Nəinki nəqliyyat vasitələrindən eləcədə balkonlardan müxtəlif məişət tullantıları küçəyə həyətə atılır.  Əslində bu tərbiyəni evdə ana kiçik yaşlardan başlayaraq verməlidir. Amma bizim gənc anaların da ekoloji mədəniyyəti yox dərəcəsindədir. Bu səbəbdən bu işə Təhsil Nazirliyi cəlb olunmalı və təlim-tərbiyədə tətbiq olumalıdır.
Belə olduğu halda analar da maariflənəcək və uşaqlarına təbliğ edəcəklər. Bu təlim-tərbiyə təhsil müəssisələrində bağçalarda ekoloji oyunlarla verilsə, daha effektli olar. Biz bununla bağlı bir neçə layihə icra edirik. Bu oyunları çap edib paylayırıq. Amma görünür ki, bu təhsil sistemində tətbiq olunmasa könüllü bu işlə məşğul olan olmayacaq. Bizim təhsil sistemində ekologiyaya demək olar ki, yer verilmir.

Müasir dünyada ekoloji mədəniyyəti olmayan insan mədəni insan hesab olunmur. Mütləq insanlarımızda ekoloji şüuru formalaşdırmaq lazımdır. Hər kəs özündən başlamalı, özünü tərbiyə etməlidir ki, əlindəki zibili harda olmağından asılı olmayaraq heç yerə atmamalı və onu gətirib zibil qutusuna atmalıdır. Yalnız biz bundan sonra  bu problemi kökündən həll edə bilərik".

Elnurə Kərimova