Kozino və loto oynayanların sayı artıb
Bölmə: Sosial › ,Tarix: 22:18 20.12.2024
Son günlər sosial şəbəkələrdə kozino və loto qrupları aktivləşib. Xüsusilə telegram platformasında yaradılan bu qruplarda iştirakçılara online kozino, loto oyunları, guya sərfəli mərc oyunları təklif edilir. Bununla da, bir çox hallarda həmin şəxslər böyük məbləğdə pul itirirlər.
Bəs bu cür qrupların sosial şəbəkələrdə aktivləşməsinin səbəbləri nələrdir?
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında sosioloq Lalə Mehral bildirib ki, belə reklamlarda daha çox çağırış tipli reklamlar verirlər:
"Əsasən cazibədar qızlardan istifadə edərək insanları bu oyunlara cəlb edirlər. Təbii ki, istənilən mərc oyunu insanın müflisləşməsinə xidmət edən, şeytani bir əməldir. Mərc oyunlarından uzaq durmaq lazımdır. Çünki insana haram pul heç vaxt fayda vermir. Onun cəzası həm maddi, həm də mənəvi cəhətdən çox ağır olur. Mərc oyunları narkotik kimidir, asılılıq yaradır və ona aludə olan insanım əgər əzmi, iradəsi yoxdursa, bir də yaxasını qurtara bilmir".
Sosioloqun sözlərinə görə, ən birinci sosial problem maddi gücünü itirməkdir:
"Çünkü ora aludə olan insan asılılıq halında olduğuna görə varını-yoxunu, özündə yoxdursa ailəsində, yaxın qohumlarda, mümkün olan bütün yollardan istifadə edərək, ora pul yatırmağa çalışır. Bunun ardınca da, həmin insanlar sosial əhatəsindəki insanları itirir. Çünkü mərc oyunlarına aludə olan və hər şeyini son qəpiyinə qədər ora qoyan insanlardan öz çevrəsi uzaqlaşır. Çünkü hamını borc pul istəyərək bezdirirlər. Hətta, ora pul yatıra bilmək üçün oğurluq belə edə bilərlər".
Mehriban Nəsibova