İqlim dəyişikliklərinin fəsadları və ekstremal təbiət hadisələri-EKOLOQ AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 15:21 24.12.2024
Son illərdə dünyada iqlim dəyişikliyi ilə əlaqədar olaraq anormal hava şəraitləri artmaqdadır. Qlobal istiləşmə və insan fəaliyyəti nəticəsində yaranan ekoloji problemlər fırtına, daşqın, quraqlıq və ekstremal temperatur dəyişiklikləri kimi təbii hadisələrin daha tez-tez baş verməsinə səbəb olur.
Bu barədə ekoloq Rövşən Abbasov "informator.az" a açıqlamasında bildirib ki, iqlim dəyişikliyi ekstremal təbiət hadisələrinin artmasına səbəb olur:
"İqlim dəyişiklikləri nəticəsində çoxsaylı və müxtəlif istiqamətli fəsadlar müşahidə olunur. Bu fəsadlardan biri də, ekstremal təbiət hadisələridir. Ekstremal təbiət hadisələri təhlükəli təbii hadisələrin tezliyini artırır. Bəzi hallarda bu hadisələr bir-biri ilə ziddiyyət təşkil etsələr də, bir-birini əvəz edirlər. Məsələn, quraqlıq və daşqın hadisələrini buna misal göstərmək olar. Bəzən bir ərazidə uzun müddət ərzində atmosfer yağıntıları müşahidə edilmir ki, bu da, kəskin meteoroloji və hidroloji quraqlığa səbəb olur. Lakin qəfildən həmin əraziyə güclü yağış düşür və nəticədə sel yaranır. Bu vəziyyətdə həm suyun çatışmazlığından, həm də artıq olmasından əziyyət çəkilir".
Ekoloqun sözlərinə görə, bu cür ekstremal hallar kənd təsərrüfatında da tez-tez hiss olunur:
"Bu cür ekstremal halların müşahidə edilməsi artıq adi hala çevrilib. Buraya istilik dalğalarını da əlavə etmək olar. İstilik dalğaları dedikdə, hava temperaturunun 35°C-dən yuxarı olması nəzərdə tutulur. Su çatışmazlığı zəncirvari təsirlərə səbəb olur və kənd təsərrüfatında bir çox problemlərə gətirib çıxarır. Bu, əsasən quraqlıq və su çatışmazlığı nəticəsində məhsulun azalması və beləliklə də, ərzaq çatışmazlığının yaranması ilə müşayiət olunur".
Müsahib bu istiqamətdə adaptasiya proqramlarının zəruriliyini də vurğulayıb:
"Bu cür halların idarə olunması üçün mütləq şəkildə adaptasiya proqramlarının tətbiqi zəruridir. Adaptasiya proqramları təhlükələrə uyğunlaşma tədbirlərini əhatə edir. Bu proqramlar təhlükələrin potensial təsirini və vaxt çərçivəsini müəyyənləşdirməyə, həmçinin onlara uyğunlaşmağa kömək edir".
Nuray Qurbanlı