Sosial media psixologiyamıza necə təsir edir?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 23:52 23.05.2025

Gündəlik həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu sürətlə artır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib. Bu platformalar yalnız əylənmək və məlumat almaq üçün vasitə deyil, eyni zamanda münasibətlərimizə, özümüzə və ətraf aləmə baxış bucağımıza təsir edən güclü psixoloji amildir. Xüsusilə gənc nəsil sosial mediada başqaları ilə özünü müqayisə etməyə daha çox meyillidir. Bu isə bəzən mənfi psixoloji nəticələrə yol aça bilər.
Psixoloq Günay Rafiq qızı "İnformator.az"a açıqlamasında bildirib ki, sosial medianın insan psixologiyasına bir sıra müsbət təsirləri mövcuddur:
“İnsanlar sosial şəbəkələr vasitəsilə daim ünsiyyətdə qala bilir, sosial dəstək və motivasiya əldə edirlər. Eyni zamanda elmi, idman və müxtəlif sahələrdə maariflənmək, məlumat almaq, düşüncələrini paylaşmaq və özünü ifadə etmək imkanı qazanırlar. Sosial media həm də fərdlərə yaradıcılıqlarını nümayiş etdirmək və ictimai fikir formalaşdırmaq üçün geniş imkanlar təqdim edir".
Bununla yanaşı, psixoloq sosial medianın mənfi təsirlərinə də diqqət çəkir:
“Sosial medianın zərərləri az deyil. Gündəlik həyatda aqressiv davranışlara, özgüvən zəifləməsinə, davamlı özünü başqaları ilə müqayisə etməyə səbəb ola bilər. Eyni zamanda yuxu rejiminin pozulması, sinir sistemində gərginlik, emosional dalğalanmalar, bəyənilməmə və ya rəy bildirilməməsi kimi hallar mənfi emosiyalar doğura bilər. Bu isə son nəticədə insanın psixoloji sağlamlığına ciddi təsir göstərə bilər".
Sosial medianın həm faydalı, həm də zərərli tərəfləri olduğu üçün, ondan düzgün və balanslı şəkildə istifadə etmək vacibdir. Vaxt məhdudiyyəti qoymaq, yalnız faydalı və inkişafetdirici məzmunlara üstünlük vermək, reallıqla virtual həyat arasında sərhəd saxlamaq bu baxımdan əhəmiyyətlidir.

Səma Pənahova