"Məişət zorakılığı şikayətlərinə dəqiq və təxirəsalınmaz halda baxılmalıdır"
Bölmə: Sosial › ,Tarix: 22:38 24.12.2024
Məişət zorakılığı ailə münasibətləri çərçivəsində baş verən psixoloji, iqtisadi, yaxud fiziki zorakılıqdır. Statistikaya əsasən, bu nəticəyə gəlmək olur ki, qadınlar və uşaqlar bu hallardan daha çox əziyyət çəkirlər.
Bəs məişət zorakılığı özündə hansı önəmli məsələləri əhatə edir?
Bu barədə kriminalist Şəmsəddin Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, məişət zorakılığı haqqında qanun özündə kifayət qədər önəmli məsələləri əhatə edir:
“Məişət zorakılığı haqqında şikayətlərə baxılmasına bütün Dövlət orqanları məsuldur, hətta qanunda qeyd olunur ki, bu barədə şikayətlərə dəqiq və təxirəsalınmadan baxılmalıdır. Əgər cinayət təşviqi varsa, xəsarətin yaxud ictimai təhlükəli əməlin dərəcəsinə uyğun Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən prosessual araşdırmalara başlamaq lazımdır”.
Kriminalistin sözlərinə görə, qanunun tələblərinin tətbiq olunmasında əsas məqsəd ölkənin Konsitutsiyasında və Azərbaycan Respublikasının bu sahədə olan Qanunvericiliyində nəzərdə tutulan insan haqq və azadlıqlarının təmin edilməsidir:
“Məişət zorakılıqlarının qarşısını almaq üçün qısamüddətli və uzunmüddətli mühafizə orderləri verilir. Qısamüddətli mühafizə orderi Müvafiq İcra Hakimiyyəti orqanına müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılıq törədən şəxsə xəbərdarlıq edir və zorakılıq tətbiq edən şəxsə 30 günlük mühafizə orderi verilir. Uzunmüddətli mühafizə orderi isə Məhkəmənin 30 gündən 180 günə qədər verdiyidir. Məişət zorakılıqlarının qarşısının alınması üçün hüquqi xarakterli və qabaqlayıcı tədbirlər görülməlidir. Vətəndaş cəmiyyəti arasında, televiziyada, müxtəlif sosial şəbəkələrdə məişət zorakılığının mənfi hüquqi, sosial və tibbi məsələlərinin izah edilməsi, maarifləndirici tədbirlər həyata keçirilməsi lazımdır”.
Nərmin Həşimova