TÜRKSOY qəzada həlak olanların xatirəsini Ankara səfirliyində yad edib

Bölmə: Dünya › ,
Tarix: 17:29 27.12.2024

TÜRKSOY-un nümayəndə heyəti Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edərək Ankara səfirliyi önünə əklil qoyub.

 

"İnformator.az" TRT.Avaz-a istinadən xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) nümayəndə heyəti Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarədə həlak olanların xatirəsini ehtiramla yad edərək, Azərbaycanın Ankara səfirliyi önünə əklil qoyub.

 

TÜRKSOY-dan verilən yazılı açıqlamaya görə, Təşkilatın Azərbaycandakı nümayəndəsi Elçin Qafarlının rəhbərlik etdiyi nümayəndə heyəti hadisə zamanı həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq səfirliyə əklil təqdim edib.

 

Qafarlını və onu müşayiət edən nümayəndə heyətini Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov qarşılayıb. Səfirlik önünə əklil qoyduqdan sonra Qafarlı TÜRKSOY-un baş katibi Sultan Rayevin adından səfirlikdəki xatirə kitabını imzalayıb.

 

TÜRKSOY-un əməkdaşları qəzaya uğrayan təyyarədə həyatını itirənlərə dərin hüznlə başsağlığı verib, səfir Məmmədova başsağlığı veriblər.

 

TÜRKSOY-un Baş Katibliyində Azərbaycan xalqının dərdinə şərik olmaq məqsədilə üzv ölkələrin bayraqları bir gün ərzində yarıya endirilib, faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb.

 

Dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus "Embraer 190" tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

 

AZAL təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla 67 nəfərin olduğunu açıqlayıb.

 

Qəzaya uğrayan təyyarədə olan 38 nəfərin həyatını itirdiyi, 29 nəfərin sağ qaldığı bildirilib.