Yeni il, Yeni mən

Bölmə: Sosial › ,
Tarix: 23:18 27.12.2024

Yeni ilin başlanmasına az qalıb və bu, bir çox insanlar üçün “yeni il, yeni mən” prinsipi ilə həyatlarında müsbət dəyişikliklər etmək üçün bir fürsət hesab oluna bilər.

 

Yeni il üçün realistik hədəflər necə müəyyən edilməlidir ?

 

Mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova “İnformator.az”a açıqlamasında bayramlar insanların həyatına böyük təsir göstərdiyini, onun üçün bu özəl günləri dəyərləndirməyin lazım olduğunu bildirib:

 

“İnsan dünyaya gəldiyi gündən özü üçün məqsədlər formalaşdırır. Həyatını həmin istiqamətdə qurmağı planlaşdırır. Maraqlı cəhətimiz odur ki, stimullarımız, motivasiyamız və istiqamətimiz məqsədyönlü şəkildə olduğu zaman biz sanki səfərbərlik elan edirik özümüzdə, orqanizmimizdə, fəaliyyətimizdə və həmin məqsədə doğru irəliləyirik. Əslində bu pozitiv düşüncədir, digər tərəfdən isə neqativ təsir göstərə bilər. Çünki hər zaman hədəflərimizə çatmaq üçün ya potensialımız çatmır, ya da maneələrlə üzləşirik. Bu bəzən insanı ruhdan sala bilir. Bayramlar və özəl günlər insan üçün böyük əhəmiyyət kəsb edir. Çünki insan nə qədər sosial varlıq olsa da, beynində sehirli bir hiss var. Bu hiss insan ruhunun nüfuz edə biləcəyi bir yerdir və həmin sehirli hissədə hər zaman biz nağılların sonluğunun yaxşı olacağına inanmağa çalışırıq. Çünki sonu gözəl bitən nağıllar bizi ruhlandırır, qanadlandırır və ümidləndirir. Düşünürəm ki, bayramların qeyd olunması insanın psixoloji cəhətdən güclü olmasına gətirib çıxarır. Ona görə də hər zaman ilk fürsətdə özünüz üçün və ya cəmiyyət tərəfindən qəbul edilmiş özəl günləri qeyd etməyə çalışın. Özünüz üçün ruhunuzu oxşayacaq fikirləri bir yerə cəmləyə bilərsiniz. Hətta mən sizə bir texnika da tövsiyə edə bilərəm: gələcək yeni ildə yaşamaq istədiyiniz beş ən gözəl hadisəni təsəvvür edin və onları bir yerə qeyd edin. Düşünürəm ki, bayramlar insanların həyatına böyük təsir göstərir”.

 

Gülşən xanım realist hədəflərin doğru seçilməsi üçün özümüzü kəşf etməyimizin, öz potensialmızı bilməyimizin ən doğru yanaşma olduğunu qeyd edib:

 

“Psixoloq kimi, bir mütəxəssis olaraq onu deyə bilərəm ki, insan özünü tanıdıqca, kəşf etdikcə, öz potensialını daha yaxşı anlayır. Nəticədə insan gözləntilərini real əsaslara uyğun olaraq formalaşdırır. Yəni əslində bacardığımız şeylər və motivasiyalı olmaq üçün güclü tərəflərimiz üzərində işləmək önəmlidir. Bunun üçün özünüzü tanıyın, fərqinə varın və özünüzlə məşğul olun. Özünüzə dəstək olun, özünüzə mənəvi sərmayə qoyun. Bu şəkildə öz resurslarınızı və potensialınızı bilərək daha real və şəxsi hədəflər formalaşdıra bilərsiniz. Belə olduqda, bu hədəflər tamamilə sizə aid olacaq və sizin şəxsiyyətinizi təmsil edəcək. Motivasiya itkisinə yol verməmək üçün isə zehin sizə özəl olan hissəni davam etdirmək üçün daim dəstək olacaq”.


Mahmud Əskərli