Nyu-Yorkda qadını yandırmaqda şübhəli bilinən şəxs ittiham olunub

Bölmə: Dünya › ,
Tarix: 20:45 27.12.2024

Nyu-York şəhəri metrosunda yatmış bir qadını yandırmaqda ittiham olunan şəxs qəsdən adam öldürmə (birinci və ikinci dərəcəli) və yanğın törətmə ittihamı ilə təqsirləndirilib. Bu barədə Bruklin rayon prokuroru Erik Qonzalez məlumat verib.

 

Sebastian Zapeta-Kalil cümə günü keçirilən qısa məhkəmə iclasında iştirak etməyib. Hakim işi Kings County Ali Məhkəməsinə göndərib.

 

O, yanvarın 7-də məhkəmə qarşısına çıxarılacaq.

 

33 yaşlı Zapeta-Kalil bazar günü səhər saatlarında Bruklindəki Stillwell Avenue stansiyasına yaxınlaşan F xətti qatarında yatmış naməlum qadını yandırmaqda ittiham olunur. Polisin Bruklin Cinayət Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsinə əsasən, Zapeta-Kalil qadının paltarını yandırıb və alovları köynəklə "yelləyərək" daha da gücləndirib.

 

“Bunlar ciddi ittihamlardır. Birinci dərəcəli qətl ittihamı şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzası nəzərdə tutur. Bu, Nyu-York ştatının qanunlarına əsasən ən ağır ittihamdır və mənim ofisim iş üzrə sübutlardan çox əmindir. Zapetanın alçaq əməllərinə görə cavab verməsi təmin ediləcək", - deyə Qonzalez bildirib.

 

Mənbə: CNN

Nuray Qurbanlı