Trampdan sərt mesajlar: ABŞ-Çin qarşıdurması bütün dünyanı fəlakətə apara bilər-ANALİZ

Bölmə: Siyasət › ,
Tarix: 19:37 30.12.2024

"ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın son açıqlamaları eyni vaxtda bir çox dövlətləri və beynəlxalq qurumları hədəfə alır".

Bu sözləri "informator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib. O bildirib ki, Tramp Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək niyyətinə eyham vurur:

"Qrenlandiyanı ABŞ-ın tərkibinə qatmaq istəyini gizlətmir. Eyni zamanda Avropa Birliyini təhdid edir ki, gömrük rüsumlarını artıracaq. Həmçinin əsas şərt kimi də Avropa Birliyinin ABŞ-dan enerji resursları idxalını artırmasını tələb edir. Digər tərəfdən NATO ölkələrinə xəbərdarlıq edir ki, öz təhlükəsizliyinizi öz maliyyə resurslarınız hesabına təmin edin. "ABŞ artıq bunun üçün maliyyə xərcləməyəcək". Üstəlik, NATO-nun missiyasının da sona çatdığına eyham vurur və ABŞ-ın NATO-dan çıxa biləcəyini bildirir. Bu baxımdan, Donald Tramp olduqca sərt, ancaq biznes təfəkkürü ilə açıqlamalar verir. Hazırda ABŞ-a rəqib hesab etdiyi və maraqları baxımından təhlükə kimi gördüyü dövlətlərə və beynəlxalq qurumlara ittihamlar və xəbərdarlıq mesajları göndərir. Eyni zamanda Tramp Ukraynanı da Rusiya ilə bölüşdürmək niyyətindədir. Ukraynanın daş kömür yataqları ilə zəngin olan və hazırda Rus ordusunun işğal etdiyi ərazilərini Rusiyaya vermək niyyətindədir. Bunun əvəzində isə Ukraynanın təxminən yeddi trilyon dəyərində qiymətləndirilən təbii sərvətlərinin yerləşdiyi geri qalan hissəsinə nəzarəti ABŞ-ın ələ keçirməsinə çalışır və Rusiyanın buna müqavimət göstərməsinə qarşı addımlar atır. Yəni sülh sazişinin əsas məzmunu bundan ibarətdir. Çalışırlar ki, ABŞ-ın Ukrayna savaşına xərclədiyi maliyyə vəsaitini fantastik gəlirlə geri qaytarsınlar. Bunun üçün Ukraynanın təbii sərvətlərini istismar etmək və həmin sərvətləri ələ keçirmək niyyətindədirlər. Faktiki olaraq, Ukrayna üçün böyük bir fəlakət mərhələsi başlamaq üzrədir".



Politoloqun sözlərinə görə, ABŞ-ın Çinlə də problemləri var:

"İqtisadi və ticari rəqabət bu dövlətlər arasında maksimum səviyyəyə çatıb. Buna ABŞ və Çin arasında iqtisadi müharibə mərhələsi kimi yanaşmaq olar. Digər tərəfdən ecə nəticələnəcəyini hələlik təxmin etmək bir qədər çətindir. Çünki ABŞ Trampın dövründə Çinə də müəyyən gömrük rüsumları tətbiq etmək ehtimalını ön plana çıxarmağa başlayıb. Bu isə ABŞ-Çin iqtisadi və ticari münasibətlərinə sarsıdıcı zərbələr vura bilər və bundan Çin müəyyən ziyan çəkə bilər. Rəsmi Pekinin də Tramp administrasiyasına qarşı müəyyən cavabları ola bilər. Bu halda ABŞ-ın zərər çəkəcəyi qətiyyən şübhə doğurmur. Bu baxımdan, bu iki dövlətin arasında 2025-ci ildə ciddi ziddiyyətlərin və qarşıdurmanın olma ehtimalı istisna edilmir. Amma Tramp administrasiyası dövründə ABŞ və Çin arasındakı qarşıdurma bu iki dövlət arasında bütün dünyanı fəlakətə apara biləcək dağıdıcı müharibəyə səbəb ola bilər. ABŞ və Çinin isə bunu önləyə bilib-bilməyəcəyi yaxın vaxtlarda hər iki tərəfin bir-birinə qarşı atacağı addımların məzmunundan aydınlaşacaq".

Elnurə Kərimova