11 ayın sultanı-RAMAZAN

Bölmə: Sosial › ,
Tarix: 10:12 28.02.2025

Ramazan, İslam dünyası üçün dərin mənəvi əhəmiyyət daşıyan bir aydır.

 Ramazan, Allahın adlarından biridir. Allahın rəhməti və bərəkəti bu aya əks olunub.

 

Ramazan ayının əhəmiyyəti barədə "İnformator.az" təqdim edir:

 

“Ramazan ayının bizim üçün əhəmiyyəti nədir?” sualına veriləcək ən qısa cavabı, Ramazan kəlməsinin "təmizlənmə" mənasında da tapmaq olar.

 

Ramazan kəlməsi "təmizlənmək" və "yanmaq" mənalarını daşıyır. Oruc tutan şəxs pis düşüncələrdən təmizlənir, bədəni və ruhu günahlardan təmizlənir.

 

Ramazan ayı bağışlayıcı bir aydır. İslam dininin 5 əsasından biri olan oruc tutmaq məhz bu ayda yerinə yetirilir. Oruc tutan şəxsi, Allah bağışlayır və günahlarından təmizlənir.

 

 Ramazanı “on bir ayın sultanı” da adlandırırlar. Çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil olub.

 

 Hər il Ramazan ayında, dünyanın dörd bir yanında milyonlarla insan oruc tutaraq özlərini yenidən qəlbən təmizləməyə çalışır. Bu, əxlaqi dəyərləri yeniləmək, müsbət düşüncələrə sahib olmaq və Allaha yaxınlaşmaq üçün bir fürsətdir.

 

Ramazanın gəlişi, həm də cəmiyyətdə birlik və yardımlaşma ruhunun gücləndiyi bir dövrü təmsil edir. İnsanlar, ehtiyacı olanlara yardım edərək, həm öz vicdanlarını təmizləyir, həm də başqalarına dəyər verirlər. Ailələr, dostlar və qonşular bir araya gəlir, iftar süfrələrində birlikdə olurlar. Bu ayın mənəvi zənginliyi, insanların daha yaxşı bir insan olmağa çalışdığı, bir zaman dilimidir.

 

Aclığı yaşamayan, acın halını bilməz. Müqəddəs Ramazan ayı insanlara bu baxımdan örnək olmaqla onun ruhi rahatlığı, daha çox şükür etməsi, hər cür yalan və böhtandan uzaq olması, ehtiyacı olanlara əl tutması, maddi və mənəvi dəstək nümayiş etdirməsi üçün imkan yaradır. Yaradan insanlara oruc tutmağı vacib bilməklə onların maddi, ruhi dincliyini istəyir. Yəni oruc insanı ruhi-mənəvi baxımdan yenidən bərpa edir, kamilləşdirir.

 

Qeyd edək ki, 2025-ci ildə Ramazan ayı Azərbaycanda martın 1-də başlayacaq.  

 

Ramazan Bayramı isə 30 və 31 mart tarixlərinə təsadüf edəcək.  

 

Bu müqəddəs ayda ruhumuzun dərinliklərinə səyahət edərək, həm bədənimizi, həm də ruhumuzu təzələyək. Uğur, sağlamlıq və mənəvi zənginliklə dolu bir Ramazan arzulayıram!

 

Xoş gəldin, 11 ayın sultanı, Ramazan!

 

Aytac Mustafayeva