Ürəkdə qalan “Nobel Sülh” arzusu-ŞƏRH

Tarix: 11:25 26.07.2025
ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya liderləri – Volodimir Zelenski və Vladimir Putinlə üçtərəfli görüşün keçirilməsini mümkün hesab edir. Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
“Bu baş verəcək. Amma bu, hələ üç ay əvvəl baş verməli idi”, – Tramp Putin və Zelenski ilə görüşün perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, açığı, yaxın zamanda belə bir görüşün baş tutacağını düşünmür:
“Trampın belə bir açıqlama vermə səbəbi həm daxili, həm də beynəlxalq auditoriyaya ünvanlanan mesajdır. O, göstərmək istəyir ki, bu məsələni diqqət mərkəzində saxlayır və müharibəni bitirməkdə israrlıdır. Tramp hələ hakimiyyətə gəlməmişdən öncə bildirirdi ki, müharibəni bir neçə günə bitirəcək. Amma o, buna nail ola bilmədi. Artıq bu tendensiya insanlarda sual yaradır.Həqiqətənmi Tramp müharibəni bitirmək istəyir ? Mən tam əminliklə deyə bilərəm ki, Tramp müharibəni bitirmək istəyir.
Burada da bir çox səbəblər var. Tramp artıq Nobel Sülh Mükafatına iddialıdır. O, müharibəni dayandırıb Rusiya ilə ticarət əlaqələri qurmaq, Ukraynaya investisiyalar yatırmaq, Şərqi Avropada münaqişəni bitirib diqqətini Yaxın Şərqə yönəltmək niyyətindədir”.
Siyasi şərhçinin sözlərinə görə, bu müharibənin “kor nöqtəsi” ABŞ və Avropa maraqlarının ziddiyyətidir:
“ABŞ müharibənin bitməsini istəsə də, Avropa bununla bağlı narahatdır. Avropa ölkələri hesab edir ki, müharibə başa çatdıqdan sonra Rusiya ilə qonşu olan dövlətlərin təhlükəsizliyi daha çox təhdid altına düşə bilər. Bu səbəbdən Avropa Ukraynanı silahlandırır və Rusiyaya qarşı yeni hücumlara təşviq edir.
Tramp hakimiyyətinin ilk günlərində Rusiyaya qarşı qeyri-adi dərəcədə loyal idi. Məqsəd tərəflər arasında sülhün tez əldə olunması idi. Hər iki tərəfi güzəştə getməyə çağırırdı. Lakin Rusiya bu təklifləri qəbul etmədi.
Xatırlayırsınızsa, Tramp və Putin arasında son telefon danışığından sonra Tramp narazılığını ifadə etdi. Bildirdi ki, Putin sona qədər insanları öldürməkdə qərarlıdır. Həmin danışıqdan sonra Rusiyaya qarşı sanksiyalar məsələsi gündəmə gəldi. Belə demək mümkündür ki, ABŞ Rusiyaya münasibətdə “B planına” keçib, yəni sanksiyalarla onu sıxışdıraraq güzəştə məcbur etməyə çalışır.
Lakin bu variantın effektiv olacağını düşünmürəm, çünki Rusiya iqtisadiyyatında sanksiyalara qarşı bir növ immunitet formalaşıb. Putin kifayət qədər təcrübəli və Trampı da yaxından tanıyan siyasətçidir. Trampın təkliflərini qəbul etmədikdə bilirdi ki, təzyiqlər artacaq. Görünən odur ki, o, buna hazırdır ki, bu cür destruktiv mövqey ortaya qoyur.
Bu səbəbdən də, tərəflərin yaxın zamanda bir araya gələcəyini düşünmürəm. Trampın bu açıqlaması daha çox onun siyasi reputasiyasına hesablanmış addım kimi görünür”.
Vüqar Alışov