İnsan münasibətlərində dürüstlük və onun əhəmiyyəti

Tarix: 20:07 28.02.2025
İnsan münasibətləri sevgi, dostluq, ailə və iş həyatında qurduğumuz əlaqələrdən ibarətdir. Bu münasibətlərin sağlam və uzunmüddətli olması üçün ən vacib amillərdən biri dürüstlükdür. Dürüstlük, sadəcə doğru danışmaq demək deyil; eyni zamanda, qarşındakı insana qarşı səmimi olmaq, hisslərini və düşüncələrini gizlətmədən ifadə etmək və münasibətlərdə etibarlılığı qorumaq deməkdir.
Psixoloq Nizami Orucov "informator.az”a açıqlamasında bildirib ki, dürüstlük münasibət növündən aslı olmayaraq, hər bir münasibətdə təməl daşlardan biridir:
“Üstü qapalı, müəmmalı, qaranlıq nə varsa, o, əlaqələrdə zamanla “çatlar əmələ gətirir”. Bunun olmaması üçün münasibətdə tərəflər:
- ünsiyyətdə şəffaf olmalı
- qarşı tərəfi narahat edəcək, incidəcək situasiya olsa belə onu olduğu kimi deməkdən çəkinməməli, cəsarətli olmalı
- beynində qurmaqdansa, öz istək və narahatlıqlarını aydın ifadə etməyi bacarmalı
- bir - birlərini haqsız çıxarmaq üçün yox, anlamaq və daha da yaxşı kəşf etmək üçün dinləməyi bacarmalıdırlar".
Psixoloq əlavə edib ki, bunlar tətbiq edildikdə, qaydasında olduqda, tərəflərin bir - biri haqqında şəkkə düşəcəyi bir situasiya yaranmaz, ya da yaranmış mövcud çətin durumu daha da qəlizləşdirməzlər. Bütün hiss, düşüncə və emosiyalar ortada olduğu və paylaşıldığı üçün, dürüstlük münasibəti ayaqda tutar və şübhəyə şərait yaranmaz.
“Dürüst olmaq, bəzən çətin görünə bilər, amma uzunmüddətli perspektivdə həmişə daha sağlam və səmimi münasibətlərə gətirib çıxarır. Münasibətlərdə dürüstlük nə qədər çox olarsa, insanlar da bir o qədər rahat, xoşbəxt və güvənli hiss edərlər”.
Bənövşə Zahidli