Bir gecəlik yuxusuzluğun həyat üçün təhlükəli nəticələri

Tarix: 20:14 28.02.2025
Yuxu çatışmazlığı immun hüceyrələrinə piylənməsi olan insanlarda müşahidə olunanlara bənzər dəyişikliklərə səbəb olur. Hətta bir gecəlik yuxusuzluq belə immunitet sisteminin işinə ciddi təsir göstərə bilər.
Mövzu ilə bağlı nevroloq Gülnarə Rüstəmzadə "informator.az"a açıqlamasında bildirib ki, yuxu insan orqanizmi, xüsusilə böyüməkdə və inkişafda olan orqanizm üçün vacib həyat amilidir:
"1-2 gün yuxusuz qalan insan orqanizmində ciddi dəyişikliklər baş verir. Həm sinir sistemi, həm endokrin sistemi, həm də immun sistemi çökməyə başlayır. Yuxu bədənin və beynin istirahət etdiyi, bərpa olunduğu və gümrah həyata qatılmağa imkan yaradan vacib bioloji prosesdir. Yuxusuzluq bir sıra ciddi sinir sistemi problemlərinə – yaddaş pozğunluğu, emosional pozğunluq, baş ağrısı kimi ciddi problemlərə yol açır. Xroniki yuxusuzluq zamanı immun və sinir sistemində ciddi dəyişikliklər müşahidə olunur. İş və əmək qabiliyyəti aşağı düşür, stress və emosional dəyişikliklər artır, bədənin xəstəliklərə qarşı müqaviməti zəifləyir. Yuxunun 5 fazası var və normal yuxu bu fazaları tam əhatə etməlidir".
Nevroloqun sözlərinə görə, yuxusuzluğun təsirləri təkcə yorğunluq və halsızlıqla məhdudlaşmır. Uzunmüddətli yuxu pozğunluğu ciddi sinir sistemi problemlərinə səbəb ola bilər:
"Məsələn, yaddaş pozğunluğu, emosional gərginlik, baş ağrıları və hətta uzunmüddətli depressiya kimi hallar yuxunun keyfiyyətinin aşağı düşməsi ilə birbaşa bağlıdır. Xroniki yuxusuzluq zamanı immun və sinir sistemində ciddi dəyişikliklər müşahidə olunur. İnsan daha tez xəstələnir, çünki bədənin xəstəliklərə qarşı müqaviməti zəifləyir. Bundan əlavə, yuxusuzluq insanın iş və əmək qabiliyyətini aşağı salır, diqqət və konsentrasiyasını zəiflədir. Bu da yalnız fərdi sağlamlığa deyil, ümumilikdə həyat keyfiyyətinə mənfi təsir edir".
Aydan Quliyeva