Universitetlərdə əmək bazarının tələblərinə cavab verən yeni ixtisaslar yaradılacaq

Tarix: 20:16 28.02.2025
Bununla bağlı olaraq yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış komissiyanın ilk iclası da keçirilib. Komissiyanın tərkibində müxtəlif ixtisaslar üzrə 9 İşçi qrupu yaradılıb.
Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycan ali təhsil müəssisələrində olan ixtisasların təxminən 40 faizi dəyişdirilməlidir:
"Çünki onlar müasir əmək bazarının tələblərinə cavab vermir və nəticədə məzunlarımız universiteti bitirdikdən sonra iş tapa bilmirlər. Elə ixtisaslar da var ki, onların adları, məzmunu, sillabusları, mövzuları və dərslikləri yenilənməlidir. Tələbələr yeni biliklərə yiyələnməli, öyrəndikləri biliklər əsasında gələcəkdə öz sahələri üzrə yaxşı mütəxəssis ola bilməlidirlər".
Ekspertin sözlərinə görə, xüsusilə mühəndislik, iqtisadiyyat və tibb sahələrində məlumatlar yenilənməlidir:
"Çünki mühəndislik sahəsindəki biliklər beynəlxalq arenada sürətlə yenilənir. Təəssüf ki, biz hələ bu templə ayaqlaşa bilmirik. Əmək bazarının tələblərinə uyğun olaraq müəyyən dövlət qurumları araşdırmalar aparır. Hansı ixtisaslar gələcəkdə perspektivlidir, hansılar artıq sıradan çıxır – bu məsələlər daim araşdırılır. Bununla bağlı Elm və Təhsil Nazirliyi, Dövlət Sosial Müdafiə Nazirliyi və Milli Observatoriya mütəmadi əməkdaşlıq edir. Bu səbəbdən də yenilənmələr aparılmalıdır. Onun fikrincə, Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan son iclasda qurulan komissiya buna öz töhfəsini verəcək”.
Aydan Quliyeva