Ermənilərin təxribatı ilə törədilmiş Sumqayıt hadisələrindən 37 il ötür

Bölmə: Sosial › ,
Tarix: 20:20 28.02.2025

Sumqayıtda baş verən hadisələrdən danışarkən hüquq-mühafizə orqanlarının, xüsusilə də prokurorluğun birtərəfli münasibətini qeyd etməmək olmaz. İşlərin bütövlükdə Moskvanın sərəncamına verilməsi, respublika prokurorluğunun prinsipsiz mövqe tutaraq yaxasını kənara çəkməsi nəticəsində min nəfərdən çox sumqayıtlı təhqir dolu istintaq və işgəncələrə məruz qaldı. Qanlı olayların əsas təşkilatçısı olan "Paşa" ləqəbli Eduard Qriqoryan cəmi 12 il həbs cəzası aldığı halda, bu işlərdə əli olmayan Əhməd Əhmədov ən ağır cəzaya - güllələnməyə məhkum edilib.

 

Olayları diqqətlə öyrəndikdə bu hadisələrin həyata keçirilməsində ən azı iki maraqlı tərəfin mövcudluğu tam bəlli olur. Onlardan birincisi və elə ən qlobalı M.Qorbaçovun rəhbərliyi ilə dünya sosialist sistemi və eləcə də SSRİ-ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr idi. İkinci maraqlı tərəf isə sözsüz ki, Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək istəyən erməni millətçiləri olub. Axı, həqiqətən də bu hadisələrdən sonra SSRİ kimi nəhəng, necə deyərlər, "topdağıtmaz" bir dövlət dağılaraq siyasi meydandan yox olub. Qarabağ müharibəsi başlandı, 20 faizə qədər torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edildi, XX əsrin ən böyük qətliamlarından biri olan Xocalı faciəsi və minlərlə azərbaycanlının ölümü ilə nəticələnən neçə-neçə digər qanlı olaylar baş verib.

 

Əvvəldən axıra kimi, bütün bu tarixi faktları nəzərdən keçirərkən daha dəhşətli bir məqam üzə çıxır. O da ermənilərin heç vaxt öz murdar məqsədlərindən özbaşına dönməyəcəyidir ki, bu günkü reallıq da bunu sübut edir. Ermənilər işğalçılıq siyasətlərini hazırkı dövrdə də usanıb çəkinmədən davam etdirir. Düzdür, indi onlar öz fitnə dolu planlarını həyata keçirməkdə çox çətinlik çəkir. Çünki dünya artıq ermənilərin yalanlarına uymur. Kimin kim olduğunu yavaş-yavaş anlamağa başlayır. Bu gün Azərbaycan da dəyişib və 25-30 il əvvəlki yarıdağılmış, iqtisadiyyatı böhran içində boğulan ölkə deyil. Müasir Azərbaycan dinamik imkişafda olan, sürətlə qabaqcıl ölkələr sırasına inteqrasiya edən bir dövlətdir. Heydər Əliyev dühası ilə yaranan bu dövlət çox sevindiricidir ki, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə idarə olunaraq görünməyən bir templə tərəqqi edir.

 

İndi Azərbaycan hər sahədə ermənilərin iftira və böhtanlarına kəsərli cavab verib, onların qaniçən arzularını ürəyində qoya bilir.  Elə bu amillərdir ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq şanlı ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində otuz ilə yaxın müddətdə işğalda olan torpaqlarımız azad edilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti böyük şücaətlər göstərərək düşmən ordusunu darmadağın etdi və ermənilər biabırçı kapitulyasiya aktına imza atmağa məcbur olublar. Bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edib. Buna bizim həm mənəvi, həm də hüquqi haqqımız var idi. Axı bu torpaqlar tarix boyu bizim dədə-babalarımızın yurd-obası olub. Ulu öndər Heydər Əliyevin təbiri ilə desək, "Tarixi dəyişmək qeyri-mümkündür. Əsrlər boyu Qarabağ Azərbaycanın olub və Azərbaycanın da olacaq".

 

Məryəm Zaliyeva