Sumqayıt hadisələri-Qanlı təxribatın izi

Tarix: 20:16 28.02.2025
1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr təkcə Azərbaycanın deyil, bütövlükdə Sovet İttifaqının tarixinə qara hərflərlə yazıldı.
Hadisələrin arxasında duran qüvvələr, günahsız insanların ölümü və bunun doğurduğu siyasi nəticələr uzun illər müzakirə mövzusu oldu. Bir tərəfdə müstəqillik uğrunda ayağa qalxan xalq, digər tərəfdə isə böyük bir imperiyanın gizli oyunları dayanırdı.
Fırtına öncəsi sükut
1980-ci illərin sonları SSRİ-nin siyasi və iqtisadi böhran dövrü idi. Yenidənqurma siyasəti elan olunsa da, bu islahatlar imperiyanın dağılmasını sürətləndirdi. Müxtəlif milli respublikalarda, xüsusilə Baltikyanı ölkələrdə, Gürcüstanda və Azərbaycanda milli azadlıq hərəkatları güclənirdi. Azərbaycan xalqı üçün bu dövr həm də torpaq uğrunda mübarizənin başlanğıcı idi.
Erməni millətçi təşkilatları, xüsusilə “Qarabağ” komitəsi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını açıq şəkildə gündəmə gətirdi. Bu məqsədlə, əvvəlcə Ermənistanda yaşayan azərbaycanlılara qarşı zorakılıqlar başladı.
1987-ci ilin sonlarından Qafan, Mehri, Gorus və digər bölgələrdə minlərlə azərbaycanlı evlərindən zorla çıxarıldı. İnsanlar döyüldü, öldürüldü, işgəncələrə məruz qaldı. Azərbaycanlıların evləri yandırıldı, mülkləri talandı. Ermənistanın müxtəlif şəhərlərindən qaçan azərbaycanlılar, xüsusilə Bakı, Sumqayıt və digər şəhərlərə pənah gətirdi. Sumqayıtda qaçqınların sayı sürətlə artırdı.
1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatçıları açıq şəkildə hərəkətə keçdilər. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) vilayət soveti Ermənistan SSRİ-yə birləşmək haqqında qərar qəbul etdi. Bu, Azərbaycanın ərazi bütövlüyünə açıq hücum idi. Azərbaycan xalqı buna etiraz edirdi. Fevralın 22-də Əsgəran yaxınlığında dinc azərbaycanlı nümayişçilərə atəş açıldı və iki nəfər öldürüldü.
SSRİ rəhbərliyi isə bu hadisələrə biganə yanaşırdı. Ermənilər Azərbaycana qarşı açıq şəkildə təzyiq göstərsə də, Moskva separatçılara dəstək verirdi. Bu isə Azərbaycan xalqında böyük narazılıq yaradırdı.
FACİƏNİN BAŞLANMASI
1988-ci il fevralın 27-də Sumqayıtda müəmmalı hadisələr baş verdi. Şəhərdə ermənilərə qarşı kütləvi hücumlar başladı. Əllərində dəmir dəyənəklər, benzin butulkaları olan qruplar küçələrə axışdı. Erməni ailələrinin evləri talan edildi, insanlar qətlə yetirildi.
Ancaq burada qəribə bir məqam var idi: iğtişaşları başladanlar Sumqayıtda tanınmayan, əvvəllər burada görünməyən adamlar idi. Şahidlərin ifadələrinə görə, onlar şəhərə sonradan gətirilən şəxslər idi.
Hadisələrin təşkilatçılarından biri erməni əsilli Eduard Qriqoryan idi. O və onun dəstəsi ermənilərə qarşı hücumları idarə edirdi. Məhkəmə sənədlərinə görə, Qriqoryan bir çox erməni ailəsinə hücum edib, hətta erməni qadınlarını və uşaqlarını şəxsən qətlə yetirib.
Burada məqsəd nə idi?
Hadisələrin azərbaycanlıların üzərinə atılması. Çünki Sumqayıtda ermənilərə hücum edənlərin əksəriyyəti kriminal keçmişi olan, əvvəllər tanınmayan insanlar idi. Bu, Sovet xüsusi xidmət orqanlarının (KQB) təşkil etdiyi bir təxribat ola bilərdi.
Hadisələr iki gün davam etdi. Şəhərdə xaos hökm sürürdü. Lakin Moskva dərhal müdaxilə etmədi. Nəinki müdaxilə etmədi, hətta hadisələrin gedişini müşahidə edirdi.
Fevralın 29-da Sovet ordusu nəhayət Sumqayıta daxil oldu. Şəhərdə fövqəladə vəziyyət elan edildi. Bütün hadisələr bir anda sakitləşdi. Bu isə suallar doğururdu: əgər Moskva hadisələri dayandıra bilirdisə, niyə bunu ilk gündən etmədi?
Susqun Moskva, danışan dünya
Hadisələrdən sonra SSRİ rəhbərliyi dərhal Azərbaycana qarşı kampaniya başlatdı. Dünya mediasında Sumqayıt hadisələri Azərbaycan xalqının “barbarlığı” kimi təqdim edildi. Azərbaycanı günahlandıran yazılar yayımlandı, ancaq heç kim Ermənistanda baş verən soyqırımı xatırlamadı.
SSRİ məhkəməsi hadisələrə görə əsas günahkar kimi azərbaycanlıları müəyyən etdi. Onların bir çoxu ağır cəzalar aldı. Ancaq hadisələrin əsas təşkilatçısı olan Eduard Qriqoryan Ermənistana göndərildi və orada azadlığa buraxıldı.
Bu, hadisələrin əsl mahiyyətini ortaya qoyurdu: Sumqayıt hadisələri əvvəlcədən hazırlanan bir plan idi. Məqsəd Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, Qarabağ münaqişəsində erməniləri “zərərçəkən” kimi təqdim etmək idi.
Sumqayıt hadisələri Azərbaycan xalqı üçün bir dərs oldu. Xalq başa düşdü ki, Sovet İttifaqı onu qorumayacaq. Əksinə, Moskva erməni separatçılarını dəstəkləyəcək. Bu hadisələrdən sonra Azərbaycanda milli azadlıq hərəkatı daha da gücləndi.
Sumqayıt hadisələri təkcə Azərbaycan üçün deyil, SSRİ üçün də dönüş nöqtəsi oldu. Hadisələrdən sonra imperiyanın milli siyasəti iflasa uğradı. Azərbaycanda, Gürcüstanda, Baltikyanı ölkələrdə sovet rejiminə qarşı etirazlar artdı.
Sumqayıt hadisələri Qarabağ münaqişəsinin ilk qanlı mərhələlərindən biri idi. Ermənilər bu hadisələrdən istifadə edərək dünya ictimaiyyətini Azərbaycanın əleyhinə çevirdi. 1988-ci ildən etibarən Dağlıq Qarabağda silahlı qarşıdurmalar başladı və bu, 1990-cı illərin əvvəllərində açıq müharibəyə çevrildi.
Sumqayıt hadisələri tarixdə qanlı bir səhifə kimi qaldı. Lakin bu səhifəni vərəqlədikcə, bir həqiqət ortaya çıxır: bu, yalnız bir şəhərdə baş verən iğtişaş deyildi. Bu, böyük bir imperiyanın parçalanmasının başlanğıcı idi.
Nigar Həsənzadə