Sürətli arıqlama üsulları sağlamlıq üçün təhlükəlidir

Tarix: 20:32 28.02.2025
Piylənmə müasir dövrdə qlobal problemə çevrilib. İnsanlar artıq çəkidən qurtulmaq üçün müxtəlif üsullara əl atırlar. Lakin bəzi hallarda yanlış yollara üz tutaraq sağlamlıqlarını riskə atırlar.
Dietoloq Ləman Süleymanova “informator.az”a açıqlamasında bildirib ki, piylənmənin bir çox səbəbi var. Düzgün həyat tərzinin olmaması, yuxu rejiminin pozulması, qeyri-sağlam qidalanma və bəzi xəstəliklər çəki artımına səbəb ola bilər:
“Bəzən insan çəki yığır, lakin bunun fərqinə varmır. Sonradan psixoloji olaraq bu vəziyyəti anlayır və təcili şəkildə arıqlamaq istəyir. İnsanların 80%-i bu halda sürətli arıqlamağa çalışır. Təəssüf ki, çoxları düzgün olmayan üsullara və qeyri-peşəkar mütəxəssislərə müraciət edir. Hazırda sosial şəbəkələrdə özlərini dietoloq kimi təqdim edən, marafonlar təşkil edən şəxslər dələduzdur. Onların heç bir tibbi təhsili yoxdur. Çünki tibbi təhsili olan savadlı həkim xəstəni kliniki şəraitdə qəbul edir. Bu cür insanları araşdırmaq və onlara qarşı tədbir görmək lazımdır. Sağlamlığını dəyərli bilən heç bir insan kortəbii mütəxəssislərə müraciət etməz. Arıqlama proqramı fərdi olmalıdır. Marafonlarda isə insanlara eyni diet verilir. Bu, qeyri-peşəkar yanaşmadır. Həmin dietlər orqanizmdə faydalı yağları azaldır, immuniteti zəiflədir, piy parçalanmır, sadəcə müvəqqəti boşalır və sonra ikiqat geri qayıdır. Nəticədə arıqlamaq qeyri-mümkün olur və orqanizmdə ciddi fəsadlar yarana bilər.
Mən mütəxəssis olaraq proqramlar hazırlayıram və burada uşaqlar da nəzərə alınır. Uşaqlar fast foodu sevirlər, amma onu birdən-birə tam qadağan etmək olmaz. Bunun əvəzinə, ev şəraitində daha sağlam alternativlər hazırlanmalıdır. Mən proqramı elə qururam ki, həm böyüklər, həm də uşaqlar düzgün qidalansın. Menyuda sevdikləri yeməklər, həmçinin yağ və duz da olur. Çünki insan metabolizmasının normal işləməsi üçün bunlar lazımdır. Bəzi dietlər duz və yağı tam çıxarmağı tələb edir, bu isə yanlış yanaşmadır”.
Dietoloq su balansının da vacibliyinə toxunub:
“Su balansına da diqqət etmək vacibdir. Su hüceyrələr, dəri, daxili orqanlar üçün çox önəmlidir. Lakin hər insanın fərdi su tələbatı var. Artıq çəkisi olan şəxslərə normadan artıq su içmək olmaz. Bu, hər kəs üçün fərdi şəkildə hesablanmalıdır”.
Asiya Zeynallı