Ekzistensial böhran niyə baş verir?-Psixoloq AÇIQLAYIR

Tarix: 20:56 03.03.2025
"Ekzistensial böhran daha çox düşünən, hər şeyi daha dərin analiz edən insanların həyatında baş verir".
Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova söyləyib. Psixoloq ekzistensial böhranın insanlarda hansı hallarda yaranmasından da bəhs edib:
"Ekzistensial böhran, adətən, insanın dünyanı və öz mövcudluğunu dərk etməsi ilə əlaqədar yaranır. Bu vəziyyətdə olan fərdlər bəzən həyatın mənasını sorğulayır, onu boş və ya absurd hesab edirlər. Bu vəziyyət bəzən depressiya ilə eyniləşdirilsə də, ondan fərqlənir. Ekzistensial böhran yaşayan insanlarda özünə qapanma və təkliyə çəkilmə halları daha çox müşahidə edilir. Bu böhran adətən, yaxınını itirmiş, işini itirmiş, yaşayış yerini dəyişmiş və ya ciddi maliyyə itkisi (bankrotluq) yaşamış insanlarda ortaya çıxır. Belə şəxslərdə dünyadan uzaqlaşma, sosial əlaqələrdən geri çəkilmə və dərin düşüncəyə dalma halları müşahidə edilə bilər".
Vüsalə Əmiraslanovanın sözlərinə görə, bu böhran daha çox yeniyetməlik dövründən sonra özünü göstərir:
"Yeniyetməlik dövründə daha çox depressiv hallar baş versə də, ekzistensial böhran daha çox insanın dünyanı və mövcudluğu dərk etməsi ilə əlaqəli olduğu üçün yetkinlik yaşlarında daha çox rast gəlinir. Əgər bu vəziyyətdən çıxış yolu tapılmasa, həmin insanlar daha da təkliyə çəkilə bilər. Ekzistensial böhran daha çox dərin düşünən, analitik yanaşma sərgiləyən insanların yaşadığı bir hal kimi xarakterizə edilə bilər".
Fatimə Abdulrəhimli