İmmuniteti gücləndirmək üçün xalq təbabəti və müasir tibb

Bölmə: Sosial › ,
Tarix: 21:17 03.03.2025

 

 

Müasir dövrdə insanlar xəstəliklərdən qorunmaq üçün immunitetlərini gücləndirməyə çalışırlar. Bəziləri bunu xalq təbabəti üsulları ilə etsə də, digərləri elmi yanaşmalara üstünlük verir.

 

Bu barədə həkim fitoterapevt Elnur Rəhimov "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, xalq təbabəti artıq inteqrativ tibb sayılır:

 

"Xalq təbabəti artıq təkcə ənənəvi üsullar deyil, inteqrativ tibb kimi qəbul edilir. Əvvəllər xalq təbabəti müxtəlif xalqların əsrlər boyu qazandığı təcrübələrə əsaslanır və bu biliklər, faydalılığına görə nəsildən-nəslə ötürülürdü. Məsələn, pandemiya dövründə belə bəzi üsullar insanların sağlamlığına müsbət təsir göstərdi.

 

Mən hətta belə bir təklif irəli sürmüşdüm ki, virus infeksiyalarına qarşı spesifik dərmanların məhdud olması səbəbindən orqanizmin öz müdafiə mexanizmlərini – daxili interferonları və immun sistemini gücləndirmək vacibdir. Bu məqsədlə bəzi bitkilər və təbii vasitələrdən istifadə olunur. Məsələn, bəzi dərman preparatlarının tərkibində də rast gəldiyimiz buğda cücərtisi, çörəkotu toxumu, propolis və çiçək tozu həm immun sisteminə müsbət təsir göstərir, həm də bəzi virus infeksiyalarına qarşı orqanizmin müqavimətini artırır".

 

Müsahibin sözlərinə görə, dərmanlar tibbi zərurət olsa da alternativ üsullardan istifadə də mümkündür:

 

"Müasir tibbdə bir çox xəstəliklər, məsələn, bronxit, pnevmoniya və digər infeksiyalar, həddindən artıq antibiotik istifadəsinə gətirib çıxarır. Halbuki, bəzi hallarda immun sistemin xəstəliklə mübarizə aparmasına zaman tanımaq daha məqsədəuyğun ola bilər. Tədqiqatlar göstərir ki, 2040-2050-ci illərdə antibiotiklərə qarşı müqavimət (rezistentlik) səbəbindən ölüm halları kəskin arta bilər. Bunun səbəbi artıq mikroorqanizmlərin bu dərmanlara uyğunlaşması və onların təsirinin zəifləməsidir.

 

Xəstələrə dərman təyin etmək tibbi zərurətdir, lakin bəzi hallarda alternativ üsullardan da istifadə etmək olar. Məsələn, qızdırma salıcı vasitə kimi çökə və adaçayı, göbələk əleyhinə təsir üçün gülün bahar dəmləməsi tövsiyə edilə bilər. Lakin burada əsas məqam müalicənin düzgün idarə olunmasıdır. Mən bir həkim kimi bütün xəstələrə yalnız bitki tərkibli müalicə yazmağın tərəfdarı deyiləm. Əgər dərman zəruridirsə, təbii ki, ondan istifadə edilməlidir. Lakin çox zaman yüngül respirator virus infeksiyalarında belə lazımsız dərmanlar təyin olunur ki, bu da orqanizmə əlavə yük yaradır".

 

Nuray Qurbanlı