Sosial media və ictimaiyyət

Tarix: 21:20 03.03.2025
Sosial media və ictimaiyyət arasında əlaqə müasir dövrün ən aktual və geniş şəkildə müzakirə olunan məsələlərindən biridir. Sosial media platformaları, şəxsi həyatdan tutmuş dövlət siyasətinə qədər hər sahədə güclü təsirə malikdir. Sosial medianın ictimaiyyətlə əlaqəsi çoxşaxəlidir və bu əlaqələr həm müsbət, həm də mənfi nəticələrə yol aça bilir.
Mövzu ilə bağlı Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, sosial media cəmiyyətin sosial, siyasi, etik davranışına ciddi təsir edir:
“Hansısa xəbəri əldə etmək, fərqli düşüncə tərzini anlamaq üçün bu gün mövcud olan texnologiya böyük imkanlar yaradır. Müasir insanın əli altında hər cür vasitə var, istənilən məlumat əlçatımlıdır. Bircə informasiyanın dəqiqliyi, dürüstlüyü bir qədər sual doğurur. Dünyanın istənilən yerində baş verən hadisə bir neçə günə Yer kürəsinin hər tərəfinə yayılmaqla trendə çevrilir. Eyni davranış modelləri faktiki olaraq bütün ölkələrdə bərqərar olur. İllər öncə bəlkə də utanc doğuracaq mövzular bu gün gündəmi ələ alır.
Başqasının şəxsi həyatını sosial mediada müzakirə etmək, kiməsə məxsus özəl məlumatı, foto və videonu paylaşmaq adi hala çevrilib. Əgər kimsə şikayət etsə, sosial şəbəkə rəhbərliyi qərəzli materialı silə bilər, amma bunun mənası yoxdur. Bir yerdə silinir, digərində isə yenə yaranır”.
Mütəxəssis bildirib ki, bütün platformalar üçün ümumi təhlükəsizlik qaydaları yoxdur:
“Həm də insanları daha azad davranmaq imkanı verən sosial media məkanları daha çox cəlb edir. Qaydalar sərtləşən kimi auditoriyanın çevrəsi daralır, istifadəçilər başqa yerə üz tuturlar. Əslində mövcud yerlərlə yanaşı hər il internetdə onlarla yeni-yeni platformalar yaranır. Məqsəd çoxlu istifadəçi qazanmaq, reklam əldə etməkdir. Məlumatın təhlükəsizliyi ilk növbədə istifadəçinin öz üzərinə düşür. Di gəl, nəyisə haradasa gizlətmək günü-gündən ağırlaşır”.
Son olaraq müsahib qeyd edib ki, bu gün sosial media insanının nəyisə yoxlamağa zamanı yoxdur:
“Gördüyü, eşitdiyini tez paylaşaraq çoxlu "bəyəni" toplamağa çalışır. Bu yöndə müharibə, münaqişə zonalarından ötürülən xəbərlərdə dəqiqlik yoxdur. Hər tərəf öz “həqiqət”ini göstərməyə çalışır. Zorakılıq və qanla dolu səhnələri paylaşan şəxslər həm də yeni proseslərə təkan vermiş olurlar. Bir sözlə, reallıq virtuallığı yox, əksinə virtuallıq reallığı yaradır”.
Asiman Vəliyeva