2 mart imtahanında qayda pozuntusu-Ekspert açıqlaması

Tarix: 23:16 03.03.2025
2 mart tarixində keçirilən Buraxılış imtahanında imtahan başa çatmadan sualların (B variantı) bir hissəsinin şəkli paylaşılıb. Belə hal ümumi prosesə xələl gətirir.
Bu mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "informator.az"a açıqlamasında bildirib ki, belə halların olması əlbəttə xoşagələn vəziyyət deyil:
" Çünki imtahan başa çatmadan sualların yayılma məsələsi imtahan gedişatında doğru deyil. Bunu edən böyük ehtimalla nəzarətçidir və yaxud imtahanda iştirak edən hər hansı bir abituriyentdir. Bu o deməkdir ki, kimsə hansısa bir üsulla içəri mobil telefon keçirməyə cəhd edib və buna nail olub. Ümumiyyətlə, DİM bu kimi məsələlərə həssas yanaşır. İstənilən halda belə hərəkətlərə yol verən şəxslər, istər nəzarətçi olsun, istər abituriyent olsun, onlar haqqda tədbir görülür. Nəzarətçidirsə, artıq onun növbəti imtahanlarda nəzarətə cəlb olunması mümkün deyil və eyni zamanda onun bu funksiyanı yerinə yetirməsi ilə bağlı öhdəlik aradan qaldırılır. İmtahan gedişatında abituriyent bunu edibsə, həmin abituriyentin imtahan nəticəsi ləğv olunur".
Nigar Həsənzadə