Escapism nədir ?

Bölmə: Sosial › ,
Tarix: 20:34 04.03.2025

Gündəlik həyatın stresi, problemlər və emosional çətinliklər insanları müxtəlif yollarla reallıqdan uzaqlaşmağa sövq edir. Bəziləri filmlərə, kitablara və ya video oyunlara sığınır, digərləri isə sosial mediada saatlarla vaxt keçirir. Bəs bu davranışın psixoloji səbəbləri nədir?

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, elə insan var ki, o daima reallıqdan qaçaraq emosiyalarını, düşüncələrini basdırır:

 

“Müvəqqəti neqativlikdən, xoşagəlməz situasiyadan azad olur. Amma sonra yığılmış bütün hiss və düşüncələr mütləq bir şəkildə və daha böyük formada üzə çıxa bilir. Bu halda buna qeyri-sağlam, yetkin olmayan müdafiə mexanizmi demək olar. Amma elə insanlar da var ki, pis hadisə baş verəndə, ondan qaçışı o an üçün edir. Sonra həlli üçün çalışır. Çünki sağlam düşüncə forması ona imkan verir ki, o an dağıdıcı və situasiyanı çətinləşdirici addımı atmasın. Biraz ertələsin və sağlam düşüncə və sakit beyinlə qərar versin.

 

Sosial izoliyasiya reallıqdan qaçışı bəzən artıra bilər. İzoliyasiya nəticəsində insan özü ilə baş-başa qalır, özünə zaman verir, reallığı bir növ həzm edir. Müvəqqəti olaraq bu halda bir problem olmaz, bunun insana qazandırdığı müsbət nəticələr mütləq olur. Amma uzun müddətli sosiallaşmaqdan, insanlarla ünsiyyətdən imtina etmək problemli bir haldır və o halda lazım gələrsə, psixoloji dəstək almaqdan çəkinməmək lazımdır”.


Əsmər Bəşirova