Dünyanın ən böyük aysberqi uzaq adada dayandı

Bölmə: Maraqlı › ,
Tarix: 20:40 04.03.2025

Dünyanın ən böyük aysberqi, Londonun iki qatı böyüklüyündə olan A23a, Cənubi Corciya adasının dayaz sularında ilişib qalıb. Bu, bölgədə yaşayan milyonlarla pinqvin və suitinin həyatına təsir edə bilər.


Aysberqin parçalanması balıqçılar üçün çətinliklər yarada və bəzi macaroni pinqvinlərinin qidalanmasına mane ola bilər. Lakin alimlər bildirirlər ki, buz əridikcə okeana böyük miqdarda qida maddələri daxil olacaq və ekosistemi zənginləşdirəcək.

 

A23a 1986-cı ildə Filçner-Ronne Buz Rəfindən qopmuş və 40 ilə yaxın dənizdə hərəkət edərək 2025-ci ilin fevralında daha sürətli irəliləməyə başlayıb. 2 martda dayaz əraziyə çırpılaraq hərəkətini dayandırıb və tədricən parçalanmağa başlayıb.
Buzun əriməsi duzluluğu azaldaraq krill və digər canlıların sayına təsir edə bilər. Bu isə pinqvinlərin qida mənbələrini dəyişməsinə və digər növlərlə rəqabət aparmasına səbəb ola bilər. Balıqçılar da aprel ayında başlayacaq mövsümdə rekord həcmdə buzla qarşılaşmağa hazırlaşırlar.


Alimlər aysberqlərin okean ekosistemində mühüm rol oynadığını vurğulayır. Aysberqlər qida maddələri yayaraq fitoplankton çiçəklənməsini artırır və mavi balina kimi böyük canlıları qidalandıran ekosistemlər yaradır. İqlim dəyişikliyi nəticəsində Antarktikada daha çox buz parçasının qopacağı və onların daha sürətli əriyəcəyi proqnozlaşdırılır ki, bu da dəniz həyatına və balıqçılıq sənayesinə təsir edə bilər.

 

BBC News
Aydan Quliyeva