Od Çərşənbəsi

Tarix: 21:02 04.03.2025
Od, tonqal istiliyin rəmzidir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Novruz bayramı dörd əsas çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir.
Bu gün ,mart ayının 4-ü Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Od çərşənbəsinin əhəmiyyəti barədə "İnformator.az" təqdim edir:
Od, bəşəriyyətin ən qədim dövrlərindən bəri həyatın və enerjinin simvolu olub. Od çərşənbəsinə qədimdə "Üskü çərşənbə", "Üskü gecəsi" də deyilib. Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub.
Odun üzərində atılan buğda, düyü, üzərlik və s. həm bədənin, həm də ruhun təmizlənməsini ifadə edir. Bu günün ənənəsində, insanlar odun ətrafında toplaşaraq, özlərini təmizləyir, yeni bir başlanğıc üçün niyyətlərini bildirirlər. Odun yandırılması, qışın qaranlığını arxada qoyub yazın işıqlı günlərinə doğru addımlamağın da bir simvoludur.
Od çərşənbəsində əsasən, odla, işıqla bilavasitə əlaqəsi olan mərasimlər keçirilir. Xüsusilə çərşənbə axşamı bir sıra həyətlərdə çərşənbə tonqalı yandırılır, gənclər çərşənbə tonqalının üzərindən tullanırlar. Kənd yerlərində isə həyətlərlə yanaşı, kəndin ətrafında, nisbətən hündür yerlərdə də tonqallar yandırılır. Xalq arasında belə bir inam var ki, tonqalın üzərindən tullanmaqla insan təmizlənir, paklanır. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb alovun üzərindən tullanmaqla insanlar daxillərində olan bütün pis enerjidən qurtulurlar. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Hətta od çərşənbəsi ilə bağlı mərasimləri bəzən atəşpərəstlik dövründən qalma adətlərlə də əlaqələndirməyə çalışırlar.
Bu bayram, yalnız bir təbiət hadisəsi deyil, həm də millətimizin ənənələrini yaşatmaq və nəsildən-nəsilə ötürmək üçün bir ənənədir. Bu gün, uşaqlıq illərimizdən bəri gördüyümüz odun ətrafında toplaşan insanlar, hər il olduğu kimi, bu ənənəni yaşadırlar.
Od çərşənbəsi münasibətilə hər birinizi təbrik edirəm!
Qeyd edək ki, bu il martın 11-də Yel,18-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Aytac Mustafayeva