Piqmalion effekti nədir və həyatımızda necə rol oynayır?

Bölmə: Sosial › ,
Tarix: 21:12 04.03.2025

“Psixologiyada piqmalion deyilən bir effekt var. Bu, insanın bizim dilimizdə desək, inamına söykənən bir hissəsidir”.

 

Bu sözləri klinik psixoloq Gülşən Rüstəmova “İnformator.az”a açıqlamasında deyib.

 

O qeyd edib ki, daim insanlara təlqin etməyə çalışdığımız budur ki, biz möhtəşəm varlıqlarıq və əslində şüuraltımızın, zehnimizin gücünə inanaraq lazımi dəstəyi versək, özümüzü istədiyimiz yerdə, yəni, uğurlu hesab etdiyimiz yerdə görə bilərik:

 

“Əlbəttə ki, uğurlu hesab etdiyimiz yer müxtəlifdir. Hər kəsin uğurlu hesab etdiyi mövqe müxtəlif olduğu kimi, hər kəsin buna dəstək vermək forması da müxtəlifdir. Cəmiyyət olaraq əgər bu effektlə yola çıxarsaq, bu inamı yara bilərsək, şüurlu şəkildə həm cəmiyyətimizdə böyüyən gənc nəsilə intellektual və duyğusal dəstək olsaq, onların inkişafı üçün münbit şərait yarada bilsək cəmiyyətimizin bütövlükdə istədiyimiz uğurlu yerə gedib çıxmasında iştirak edə bilərik. Əgər bu məsələni fərdi nəzərdən keçirsək, bəzi ailələrin fiziki şəraitləri, maddi vəziyyətləri o qədər də əlverişli deyil, lakin övladları çox uğurlu nəticələr əldə edirlər. Bizim dildə desək, bu, inamımızla əldə olunur. Valideynlərin inamı ilə əldə olunur. Həmin inamla yola çıxaraq övladlarına göstərdiyi davranış və tərzləri ilə əlaqədar olur.

Bir çox hekayələr eşitmisiniz bəlkə də. Onların fəaliyyətini olduğundan daha geniş və uğurlu qiymətləndirdiyi üçün valideynləri həyatlarında çox uğurlu mövqelər və nəticələr əldə edə biliblər”.

 

Müsahibimizin sözlərinə görə, bizim zehnimiz və şüurumuz bizim istiqamətimizin dalğasına, frekansına düşür və bizi uğurlu hesab etdiyimiz mövqeyə aparıb çıxara bilir:

 

“Gözləntilər ilə bu effektdən kənarda, ümumiyyətlə, bizim həyatımızı təşkil edən davranışlarımız, vərdişlərimiz bizim gözləntilərimizlə izah olunur. Bu gözləntilər maddi, mənəvi və fiziki olaraq üç yerə bölünür. Biz gözləntilərimizin və aclıqlarımızın, ehtiyaclarımızın təsirindən yola çıxaraq hərəkətlər edirik, bir nailiyyətə və ya hansısa bir uğursuzluğa yaxud təcrübəyə doğru addımlayan zaman bu gözləntilər həyatımızda rol oynayır. Uşaq vaxtı bu gözləntilərin yaranması bizim yaş dövrümüzlə əlaqədar olur və çox kiçik gözləntilərimiz olur. Gözləntilərimizin böyüməsi, geniş vüsət alması, onların sayının çoxalması bizim ictimai mühit və tərbiyə ilə, valideynlərimizlə əlaqədar olur. Yəni, yaş artdıqca bu gözləntilərin dərəcəsi, miqyası böyüyür.

 Biz həmin gözləntilərə cavab verə bilən orqanizmə sahibikmi? 

 

Burada bir sual yaranır: bizim təlabatlarımız, gözləntilərimiz, ehtiyaclarımız bizim resurslarımızla düz gəlirmi və ya bunu süni surətdə özümüzü məcbur edərək hansısa çərçivələrə, cədvəllərə uyğun olaraq yönləndiririk?

 

Əlbəttə bizim ən böyük silahımız bədənimiz və orqanizmimiz olduğu üçün ,əgər gözləntilər və resurslar arasında balans yoxdursa, çox pis nəticələr ala bilirik və bədənimiz ən bəsit dildə desək, xəstələnir”.

 

Nərmin Həşimova