FOMO sindromu insanlara necə təsir edir?-Psixoloq AÇIQLAYIR

Tarix: 21:29 04.03.2025
"FOMO (Fear of Missing Out) – nədənsə geri qalmaq qorxusu kimi tanınan psixoloji sindromdur".
Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Fatimə Hacıyeva söyləyib. Psixoloq FOMO-nun hansı psixoloji səbəblərdən qaynaqlandığından da bəhs edib:
"Bu vəziyyətdə olan insanlar başqalarının daha maraqlı və uğurlu həyat sürdüyünü düşünərək özlərini geridə qalmış hiss edirlər. Bu hissin yaranmasına aşağı özgüvən, özünə inamın az olması və sosial təsdiqlənmə ehtiyacı kimi psixoloji amillər təsir göstərir. Həmçinin, mükəmməlliyyətçilik və qərarsızlıq da FOMO-nun inkişafına şərait yarada bilər. İnsanlar öz həyatlarını başqalarının həyatları ilə müqayisə etdikdə, onların daha uğurlu və maraqlı olduğunu düşünüb özlərini dəyərsiz hiss edirlər. Sosial medianın FOMO-ya təsiri xüsusilə güclüdür. İnsanlar blogerlərin və vlogerlərin idealizə olunmuş, filtrlənmiş həyatlarını görərək özlərini daha az uğurlu hesab edirlər. Sosial şəbəkələrdə paylaşılan uğurlu anlar geridə qalma hissini daha da artırır. Canlı yayımlar, gündəlik paylaşımlar, TikTok, Instagram və LinkedIn kimi platformalarda göstərilən həyat tərzi insanlarda psixoloji təzyiq yaradır. Onlar düşünürlər ki, digərləri daha maraqlı yerlərə gedir, daha çox uğur qazanır, daha əyləncəli həyat yaşayır, halbuki gerçəkdə bu paylaşımlar yalnız həyatın ən maraqlı anlarını əks etdirir və tam reallığı əhatə etmir. FOMO gündəlik həyatda bir sıra problemlərə səbəb ola bilər. İnsanların diqqəti tez-tez dağılır, çünki sosial mediada çox vaxt keçirdiklərinə görə iş və ya dərslərinə lazımınca fokuslana bilmirlər. Eyni zamanda, qərar verməkdə çətinlik çəkirlər, çünki başqalarının təsdiqini gözləyirlər və müstəqil qərar verməkdən çəkinirlər. Sosial mediada daha “aktiv” və “maraqlı” görünmək istəyən insanlar çox vaxt plansız xərclər edirlər – məsələn, bahalı restoranlara gedir, lüks əşyalar alır, yalnız sosial mediada özlərini daha uğurlu göstərmək üçün müxtəlif tədbirlərə qatılırlar. Nəticədə bu, onların maliyyə problemləri yaşamasına gətirib çıxara bilər. Daim geridə qalma qorxusu isə insanlarda narahatlıq, stress və hətta panik ataklara səbəb ola bilər".
Fatimə Hacıyevanın sözlərinə görə, FOMO-nun əsas səbəblərindən biri sosial media asılılığıdır:
"İnsanlar telefon və sosial şəbəkələrdən kənarda real həyat yaşamadıqda, onların psixoloji vəziyyəti pisləşir. Həmçinin, aşağı özünə inam və dəyərsizlik hissi bu sindromu daha da gücləndirir. Məsələn, bir şəxs sosial mediada dostlarının xaricə səyahət etdiyini, konsertlərə qatıldığını və ya uğurlu karyera qurduğunu gördükdə, öz həyatının monoton və uğursuz olduğunu düşünə bilər. Bu isə onda narahatlıq yaradaraq sosial mediada daha çox vaxt keçirməsinə və başqalarının həyatlarını izləməyə səbəb olur".
Fatimə Abdulrəhimli