Monitorinqin təhsildəki rolu: Ekspert rəyi

Bölmə: Sosial › ,
Tarix: 21:29 04.03.2025

 

 

Çağdaş təhsilin əsas prinsiplərindən biri də tədris keyfiyyətinin yoxlanılmasına ümumi nəzarət mexanizminin tətbiqidir. Müasir dövrümüzdə dünyanın super güc təhsil ölkələri var ki, bu ölkələrdə təhsil prosesləri daha səmərəli və inkişaf etmiş şəkildə həyata keçirilir. 

 

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nurizadə "informator.az"a bildirib ki, Finlandiya, Sinqapur kimi ölkələrdə tədris sistemləri və onun tələbləri daha çox elmi əsaslara, müasir metodlara, və təhsil siyasətinə uyğun olaraq qurulub:

 

"Belə ölkələrdə təhsil sistemlərinin uğurunun arxasında ciddi monitorinq mexanizmləri dayanır.

Bu tədris keyfiyyətini ölçmək və qiymətləndirmək üçün tətbiq edilən mexanizmlərin tətbiqi təhsilin inkişafına mühüm təsir göstərir. Dünyanın bir çox ölkələrində, hətta güclü təhsil ölkələrində belə, monitorinq tipli nəzarət mexanizmlərinin tətbiqi geniş yayılıb. Bu nəzarət mexanizmləri tədris proseslərinin keyfiyyətini izləyərək, mövcud problemləri aşkarlamağa və onların aradan qaldırılmasına yönələn addımlar atılmasına kömək edir".

 

Lakin burada iki vacib məsələni qeyd etmək yerinə düşər:

 

"Birincisi, monitorinqin tədris prosesində müəllimlərin yalnız pedoqoji işlərinə fokuslanmalarına deyil, bürokratik iş yükünə səbəb olmasıdır. Müəllimlər həm tədris, həm də müxtəlif bürokratik prosedurlarla məşğul olduqda, onların əsas işlərinə, yəni şagirdlərə tədris etməyə daha az vaxt ayıra bilərlər. Bu da nəticə etibarilə tədris keyfiyyətinə mənfi təsir göstərə bilər. 

İkincisi isə monitorinq nəticəsində müəyyən problemlər və nöqsanlar aşkarlanır, lakin bu nöqsanların həlli üçün konkret tədbirlər və addımlar atılmır. Bu səbəbdən yalnız monitorinq aparmaq deyil, eyni zamanda aşkarlanan problemlərin aradan qaldırılması üçün effektiv tədbirlər planı hazırlanmalıdır. Monitorinq nəticəsində ortaya çıxan nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanmalı və bu təkliflər aidiyyəti qurumlara göndərilməlidir. Həmçinin, həmin təkliflərin tətbiqi istiqamətində nəzarət edilməli və həyata keçirilməlidir. Təkliflərin yerli təhsil qurumlarına göndərilməsi və bu qurumların həyata keçirdiyi tədbirlərin izlənməsi təhsilin inkişafı və keyfiyyətin yüksəldilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir".

 

Çinarə Tarverdiyeva