Rəqəmsal detoks sosial media asılılığını aradan qaldıra bilərmi?

Tarix: 21:55 04.03.2025
Müasir dövrdə sosial şəbəkə asılılığı ciddi problemlərə yol açır. İnsanlar sosial mediadan müəyyən gözləntilərlə istifadə edirlər. Lakin gözlədikləri nəticələri əldə etmədikdə, onlarda narahatlıq hissi yaranır. Bu isə həm psixoloji, həm də fiziki sağlamlığa mənfi təsir göstərir. Bəs rəqəmsal detoks sosial media asılılığını aradan qaldıra bilər?
Mövzu ilə bağlı "informator.az"a danışan Pedaqoq, "Sevgi Pedaqogikası - Valideyn Məktəbi" layihəsinin rəhbəri Aysel Rəsulzadə bildirib ki, sosial media istifadəsi diqqət dağınıqlığına səbəb olur, beynin informasiya ilə həddindən artıq yüklənməsi nəticəsində yorğunluq hissi yaradır:
"Bundan əlavə, gecə-gündüz fasiləsiz sosial şəbəkə istifadəsi yuxu rejimini pozur. Xüsusilə qaranlıqda, yatmazdan əvvəl telefondan istifadə melatonin hormonunun azalmasına səbəb olur ki, bu da yuxu keyfiyyətinə mənfi təsir göstərir və gün ərzində yorğunluğa gətirib çıxarır.Sosial şəbəkə asılılığının digər mənfi tərəfi insanların ailə və yaxınları ilə ünsiyyətini məhdudlaşdırmasıdır. Bu hal tədricən sosial bacarıqların zəifləməsinə, aqressiya və əsəbilik kimi problemlərin artmasına səbəb olur. İnsanlar bir-birinə vaxt ayırmaq, ünsiyyət qurmaq yerinə virtual dünyaya daha çox bağlı qalırlar. Rəqəmsal detoks sosial media və texnologiya asılılığını azaltmaq üçün ən effektiv üsullardan biri hesab olunur. Bu metod, müəyyən müddət ərzində smartfonlardan və sosial şəbəkələrdən uzaq qalmaqla informasiya yüklənməsini minimuma endirməyə və psixoloji tarazlığı bərpa etməyə imkan verir”.
Pedaqoq, "Sevgi Pedaqogikası - Valideyn Məktəbi" layihəsinin rəhbəri Aysel Rəsulzadə rəqəmsal detoksun əhəmiyyətini vurğulayaraq bildirir ki, bu prosesə kiçik addımlarla başlamaq daha effektiv nəticə verir:
"Məsələn, gün ərzində minimum 30 dəqiqə telefon və sosial şəbəkələrdən uzaq qalmaqla başlamaq, daha sonra bu müddəti tədricən artırmaq mümkündür. Xüsusilə yatmazdan əvvəl telefonu başqa otaqda saxlamaq beyinin dincəlməsinə kömək edir. Valideynlər rəqəmsal detoks tətbiq edərək övladlarına yaxşı nümunə ola bilərlər. Çox vaxt valideynlər uşaqlardan telefonu yerə qoymalarını istəyir, lakin özləri daim smartfondan istifadə edirlər. Halbuki, ilk növbədə valideynlər öz texnologiya istifadəsinə nəzarət etməli, kitab oxumaq, ailə üzvləri ilə daha çox vaxt keçirmək kimi alternativlərə üstünlük verməlidirlər”.
Mehriban Nəsibova