Məişət Mövzularına Mediada Geniş Yer Verilməsinin Səbəbləri

Bölmə: Sosial › ,
Tarix: 20:01 05.03.2025

 

 

Son illərdə televiziya proqramları və xəbər portalları məişət mövzularına geniş yer ayırır. Ailə münaqişələri, sosial problemlər, gündəlik həyatla bağlı müzakirələr medianın əsas mövzulardan birinə çevrilib.

 

Bu barədə Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, insanları məişət mövzuları daha çox maraqlandırır:

 

"İnsanları siyasi, iqtisadi və ya ictimai əhəmiyyətli mövzular deyil, məhz məişət mövzuları maraqlandırır. Dünyanın hər yerində belədir, ailə münaqişələri, sosial problemlər, gündəlik həyatla bağlı müzakirələr daim cəmiyyətin diqqətindədir, çünki həyatın ayrılmaz bir hissəsidir.Əgər media ABŞ prezidenti Donald Trampın növbəti bəyanatını üzə çıxarırsa, bu siyasətlə maraqlanmayan on minlərlə insanın diqqətini heç cür cəlb edə bilmir. Çörəyin və ya ətin qiyməti, hansısa tanınmış aktyorun şəxsi həyatı kütlə üçün daha cəlbedicidir. Adi vətəndaş ailədaxili problemlərin həllini düşünür, uşağı sabah məktəbə yola salmaq üçün hava şəraitinin yaxşı olmasını istəyir. Qlobal problemlər ona uzaq görünür.

 

Paytaxtın hansısa rayonunda qazın kəsilməsi xəbəri adi insan üçün olduqca əhəmiyyətlidir. Özü də bu lokal xarakterli xəbərləri izləmək, öz şəxsi işlərinə yaxın olan məlumatı axtarmaq təkcə Azərbaycan insanına məxsus deyil. Hərdən hansısa tanınmış dünya mediasında o qədər mənasız xəbərə rast gəlirik ki. Di gəl, həmin bölgənin insanları üçün əhəmiyyətlidir deyə günlərlə aktuallığını itirmir".

 

Ekspertin sözlərinə görə, sosial mövzuları hazırlamaq rahat olduğu üçün onlara daha çox yer verilir:

 

"Sosial yönlü mövzuları hazırlamaq bir növ mətbuatın öz maraqlarına da xidmət edir. Həm adi vətəndaşa maraqlıdır, həm işləmək asandır, həm də xüsusi bir zaman tələb etmir. Bu səbəbdən media bu istiqaməti daim istismar edir. Məişət mövzuları bir axınla hər evə çatdırılır.Digər tərəfdən, hansısa mövzunun işıqlandırılması, müzakirəsi müvafiq orqanların həmin məsələlərə diqqət yetirməsinə zəmin yaradır. Problem tez zamanda həllini tapır, bəzən isə zaman tələb olunur.

 

Məişət mövzularının populyarlığı heç də digər yönlü materialların üzə çıxmasına maneə olmur. Hər bir mətbuat orqanı öz redaksiya siyasətinə uyğun olaraq kontent hazırlayır. Əsas məsələ mediada hər bir vətəndaşa uyğun olan informasiyanın olmasıdır. Az olsa da belə, digər mövzular da işlənməlidir.Zövqlər, maraqlar müxtəlifdir deyə, hərə öz platformasını tapacaq. Sadəcə bəzən gündəm medianın istəyindən asılı olmayaraq formalaşır, dəyişir. Hadisə baş verir, jurnalist də həmin xəbərin ardınca gedir. İnsanlara maraqlıdırsa, həmin istiqamətdə bir yox, onlarla yazı, süjet hazırlanacaq".

 

Nuray Qurbanlı



Bölmədən digər xəbərlər
"Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar" mövzusunda təlim keçirilib
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.