Fransa, Ukraynanın silahsızlaşdırılmasını istəmir

Tarix: 21:23 11.03.2025
Fransa Müdafiə Naziri Sebastien Lecornu, Ukraynanın hər hansı bir şəkildə silahsızlaşdırılmasını rədd edəcəklərini ifadə edib.
Paytaxt Parisdəki Hərbi Məktəbdə Nazir Lecornu, Niderlandın Müdafiə Naziri Ruben Brekelmans, Avropa və NATO ölkələrinin baş qərargah rəisləri, müxtəlif ölkələrdən yüksək vəzifəli hərbi nümayəndələr və bu sahədə ekspertlərin iştirakı ilə Paris Müdafiə və Strategiya Forumu təşkil olunur. Avropada müharibənin geri dönüşü, strateji inkişaflar, texnoloji dönüşümlər, müdafiə sahəsində əməkdaşlıq və Ukraynanın Avropa müdafiə sektoruna daxil edilməsi kimi mövzuların müzakirə olunacağı forum 13 mart tarixinədək davam edəcək.
Nazir Lecornu forumun açılışında etdiyi çıxışda, dünyada yeni bir dövrə girdiyimizi vurğulayaraq, “Artıq Soyuq Müharibə dövründə deyilik, amma sülhün gətirdiyi qazanc dövründə də deyilik. Təsvir edilməsi çətin bir dövrə girdik” deyib. Bugünkü təhdidlərin kiber hücumlar kimi gözlə görülməyən olduğunu diqqətə çatdıran Lecornu, “Müharibədəyik deyə bilmərəm, amma artıq sülhdə də deyilik” ifadəsini işlədib.
Fransız nazir, Avropalıların təhlükəsizlik və müdafiə strategiyalarını başqalarına həvalə edə bilməyəcəyini vurğulayıb. Lecornu forum çərçivəsində Ukraynanın gələcək ordusunun necə olacağı məsələsinin də müzakirə ediləcəyini qeyd edərək, “İlk təhlükəsizlik təminatının Ukrayna ordusu olduğu və Ukraynanın hər hansı bir şəkildə silahsızlaşdırılmasını rədd edəcəyimiz prinsipi ilə hərəkət etməliyik" qiymətləndirməsini verib.
NATO-da Ukraynadan başqa məsələləri gündəmə gətirməkdə çətinlik çəkirik
Avropalıların qarşılaşdıqları təhlükələri tək-tək müzakirə etmələrinin problem yaratdığını deyən Lecornu, “Ukrayna və Rusiya bizi çox narahat edir deyə İran haqqında danışmamalıyıq. İran bizi çox narahat edir deyə Şimali Koreyanın strategiyasından danışmamalıyıq" deyib. Lecornu, təhdidlərin yalnız regional deyil, qlobal baxışla qiymətləndirilməli olduğunu vurğulayaraq, “NATO-nun müdafiə nazirləri toplantısında yalnız Ukrayna məsələsini müzakirə etdiyimizin fərqindəyik, başqa məsələləri gündəmə gətirməkdə çətinlik çəkirik" deyib.
İttifaqdakı müttəfiqlərin ABŞ-ın proqnozlaşdırıla bilməyən şəkildə hərəkət etdiyini diqqətə çatdıran Lecornu, Rusiya təhdidinin hər zamankindən daha böyük olduğu fikrini bölüşüb.
Digər tərəfdən, Fransa Prezidenti Emmanuel Macron-un da forum çərçivəsində bu axşam fərqli Avropa İttifaqı (Aİ) və NATO üzvü ölkələrin baş qərargah rəisləri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə etməsi gözlənilir.
TRT XƏBƏR
Günel Verdiyeva