“Ermənistan sülh prosesini yubatmağa çalışır”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:18 12.03.2025

Ermənistan hakimiyyəti xarici auditoriyaya ünvanladığı sülhə hazır olduqlarını bildirən bəyanatlarına baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az" saytına açıqlamasında bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayana qədər istənilən an gərginlik yarana bilər:

 

“Genişmiqyaslı hərbi toqquşmalar da istisna deyil. Azərbaycan, Ermənistanın davranışlarından görür ki, rəsmi İrəvan sülh prosesini yubatmağa çalışır. Ermənistan sürətlə silahlanır və uyğun zəmin yarandıqda Azərbaycan ərazilərinə hücum edərək müəyyən əraziləri yenidən ələ keçirməyə cəhd etmək istəyir. Silah tədarükündən sonra Ermənistan bir qədər də ruhlanıb. Bu məsələdə Ermənistanın arxasında Fransa da daxil olmaqla, Avropa İttifaqı dayanır. Bölgədə yerləşən Avropa İttifaqının missiyası da əslində Ermənistanı revanşa həvəsləndirən faktorlardan biridir. Bu missiyanın Azərbaycan sərhədlərində müntəzəm şəkildə reydlər keçirməsi, dürbin vasitəsilə Azərbaycan ərazilərini müşahidə etməsi, Avropa Sülh Fondunun Ermənistana növbəti dəfə vəsait ayırması – bütün bunlar Ermənistanı revanş və müharibəyə həvəsləndirir”.

 

Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistanla sülhə nail olmaq istəyir:

 

“Əgər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilsə, bu, regionun inkişafına xidmət edəcək. Hər iki ölkə bu prosesdən faydalanacaq. Lakin Ermənistanın davranışları göstərir ki, rəsmi İrəvan sülh müqaviləsini imzalamaq niyyətində deyil və prosesi uzatmağa çalışır. Azərbaycan Ermənistan qarşısında irəli sürdüyü tələblərin yerinə yetirilməsindən faktiki olaraq imtina edilir.

 

Azərbaycanın Ermənistandan tələbləri bunlardır:

 

1. Ermənistan qanunvericilik aktlarında və konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddiaları ilə bağlı müddəaları ləğv etsin.

2. ATƏT-in Minsk qrupunun buraxılması üçün Ermənistanla birgə müraciət edilsin. Çünki Minsk qrupunun saxlanılması dolayı yolla Azərbaycana qarşı ərazi iddiasının davam etməsi kimi qəbul olunur.

3. Ermənistan -Azərbaycan sərhədində üçüncü tərəf qüvvələrinin çıxarılması məsələsi həll edilsin. Lakin Ermənistan bu məsələyə mənfi yanaşır.

4. Beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsi təmin edilsin. Ermənistan isə bu məsələdən də yayınmağa çalışır.

Əslində Ermənistan özü də yaranmış vəziyyətin çətinliyini anlayır”.

 

Kəmalə Vəliyeva