ABŞ və İsrailin Fələstinlə bağlı qərarı

Tarix: 12:58 17.03.2025
ABŞ və İsrail fələstinlilərin yaşaması üçün Afrikada ərazi seçirlər.KİV-də bununla bağlı məlumat yayılıb.
ABŞ Afrikanın şərqində yerləşən bəzi ölkələrlə əlaqə yaradıb. Qəzza bölgəsində yaşayan fələstinliləri təhlükəsizliklərinin təmin olunması üçün daha yaxşı ərazilərə köçürməyi planlaşdırır.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, təbii ki, nə Fələstin hökumətinin, nə də bəzi aktorların Trampın “Fələstinsiz Qəzza” planına razı olması real görünür:
“Düşünürəm ki, Amerika və İsrailin bu təşəbbüsü regionda yenidən qarşıdurmanı alovlandıracaq amil ola bilər. Çünki bu məsələdə Türkiyə və digər regional aktorların kifayət qədər qətiyyətli mövqe sərgilədiyi müşahidə edilir. Hətta ilkin mərhələdə fələstinlilərin İordaniya və Misirə köçürülməsi məsələsi təklif edildiyi zaman belə bu birmənalı şəkildə rədd edilib.
İndiki məqamda ABŞ-nin Sudan və Somali kimi Afrika ölkələri ilə danışıqlara başladığı iddia olunsa da, həmin dövlətlər artıq bu təklifi rədd edib. Nəticə etibarilə, hər hansı bir dövlət bu təklifi qəbul etsə belə, Fələstin xalqının buna razı olacağını düşünmürəm”.
Səmayə Səftərova