Ermənistanın Sülh Müqaviləsi və Atəşkəsin Pozulma Səbəbləri

Tarix: 19:59 17.03.2025
"Bakı ilə sülh müqaviləsi imzalandıqdan sonra İrəvan boğula biləcəyi böyük və dərin bataqlıqdan çıxacaq"- bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Mirzoyanın sözlərinə görə, sülh Ermənistan üçün "ekzistensial’’ əhəmiyyətə malikdir.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, ilk növbədə, onu bilmək lazımdır ki, atəşkəsin zaman zaman pozulması artıq adi hala çevrilib:
"Şübhəsiz ki, sülh danışıqlarının başa çatması ilə bağlı verilən bəyanat pozitiv bəyanatdır və gələcəklə bağlı xeyli ümidlər yaradır. Amma bu bəyanatın verilməsinə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına hələ var. Çünki həll olunmamış məsələlər qalmaqdadır. Ermənistan üçün Mirzoyanın səsləndirdiyi fikirlər anlaşılandır. Doğrudanda, sülh müqaviləsi imzalanmasa, Ermənistan yenə də çətin vəziyyətləri yaşamağa davam edəcək və bundan sonrada regional layihələrdən kənarda saxlanılmaqla ‘’dalan ölkə’’ statusunu özündə saxlayacaq. Atəşkəsin pozulmasının şübhəsiz ki, bir neçə səbəbi var. İlk növbədə, onu bilmək lazımdır ki, atəşkəsin zaman zaman pozulması artıq adi hala çevrilib. Bundan başqa, hazırda Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyə yüksəkdir, Paşinyan guya Azərbaycana güzəştə getməkdə ittiham olunur. Mümkün variantlardan biri odur ki, atəşkəsin pozulması ilə Ermənistan cəmiyyətinə ordunun güclənməsi, müdafiə qabiliyyətinin yüksək olması mesajları verilir. Bundan başqa, Ermənistan özü bu məsələlərdə tək hərəkət etmir. Ermənistanı silahlandıran, revanşa həvəsləndirən qüvvələr var. Son bir neçə gündə Avropa parlamentində qəbul edilən qərar da Ermənistanı revanşa həvəsləndirən qərardır. Ermənistan artıq beynəlxalq diqqətdən kənar qalıb və ona görə də diqqəti Cənubi Qafqaza yönəltmək üçün atəşkəsi pozur. ABŞ-də hakimiyyət dəyişdikdən sonra Cənubi Qafqaza diqqət xeyli azalıb və bu da Ermənistanın vəziyyətini çətinləşdirir. Çünki keçən ilin 5 aprelində Brüseldə keçirilən üçtərəfli görüşdə Aİ və ABŞ Ermənistanı dəstəkləməklə bağlı qərar vermişdilər. Hazırda biz bu prosesin dayandığını görürük: ABŞ-də hakimiyyət dəyişikliyi baş verib, Aİ-nin özü təhlükəsizlik təhdidləri ilə qarşı-qarşıyadır".
Müsahib Ermənistanın niyyətlərindən də danışıb:
"Ermənistanın bu cür təxribatlarla Azərbaycanı cavab verməyə təhrik etmək niyyətləri də ola bilər ki, yenidən diqqəti bölgəyə cəlb etsinlər və Azərbaycana qarşı müəyyən təzyiq həyata keçirilsin. Təxribatların yalnız Ermənistanın daxilindəki revanşistlərlə bağlı olduğunu yox, hakimiyyətlə də bağlı olduğunu düşünürəm".
Günel Verdiyeva