“ABŞ İranın Yaxın Şərqdəki təsirini tamamilə yox etməyi hədəfləyir” -Politoloqdan ŞƏRH

Tarix: 21:34 17.03.2025
ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı əməliyyatlara başlamağı əmr edib.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov “informator.az” a açıqlamasında bildirib ki, ABŞ-nin Yəməndə husiləri növbəti dəfə hədəf alması Amerikanın böyük strategiyasının bir hissəsidir:
“Bundan əvvəl Fələstində HƏMAS, Livanda Hizbullah zəiflədildi. Bu da Yaxın Şərqdə İranın mövqelərinin zəifləməsi fonunda baş verdi. Artıq Yaxın Şərqdəki növbəti hədəf isə ABŞ gəmilərini və İsraili təhdid və təzyiqdən xilas etmək üçün husiləri də zərəsizləşdirməkdir. Daha əvvəl də husiləri vuran ABŞ hədəflərinə nail olmasa da, Donald Tramp dövründə bu məqsədinə çatmağa çalışacaq. Müharibələrin dayandırılması və savaşların başlamaycağı barədə iddialarla çıxışlar edən Donald Trampın yanvar ayında vəzifəyə başlamasından bəri husilərin vurulması ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi əməliyyatı kimi diqqətləri cəlb edir. ABŞ husilərin Qırmızı dənizdəki gəmiçiliyə hücumlarını əsas gətirsə də, qrupun fələstinlilərə və HƏMAS-a dəstəyi və İsrailə qarşı mübarizəsi də əsas səbəblər sırasındadır. Ona görə də ABŞ husiləri zəiflədib və onları təhdid ünsürü olmaqdan çıxarıb, İranın Yaxın Şərqdəki təsirini təmaimlə yox etməyi hədəfləyir”.
Kəmalə Vəliyeva