Kartalkaya faciəsində daha 3 nəfər həbs olundu

Bölmə: Hadisə › ,
Tarix: 16:58 27.03.2025

Kartalkayada 78 nəfərin həyatını itirdiyi "Grand Kartal Hotel" ilə bağlı daha 3 nəfər həbs edilib. Proses başlayandan həbs olunanların sayı 28-ə çatıb.

 

21 yanvar gecəsi "Grand Kartal" otelinin restoranında baş verən yanğında 78 nəfər həyatını itirib.

 

İstintaq çərçivəsində 31 şübhəli nəzarətə alınıb. Onların arasında otel sahibi Halit Ergül, baş direktor və kürəkəni Əmir Aras, İl Xüsusi İdarəsinin baş katibi Sırrı Köstereli, Fövqəladə Hallar İdarəsinin rəisi Kənan Coşkun və Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülener də var. Ümumilikdə 22 nəfər həbs edilib.

 

Həbs olunanlar arasında Halit Ergülün həyat yoldaşı Emine Murtezaoğlu, idarə heyətinin üzvləri, qızları Elif Aras və Ceyda Hacıbekiroğlu da var.

Bolu İl Xüsusi İdarəsinin Lisenziya müdiri Yeliz Ərdoğan, Seben İl Xüsusi İdarəsinin müdiri Mehmet Özel və elektrik ustası Məhərrəm Şen həbsxanaya göndərilib.

 

Mustafa Selman Çelen, inşaat mühəndisi İsmayıl Haluk İnceler və əməyin mühafizəsi üzrə mütəxəssis Ece Kayacan ifadələrindən sonra sərbəst buraxılıb. Kübra Dəmir isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

 

Proses başlayandan həbs olunanların ümumi sayı 28 nəfərdir.

 

Mənbə: Haber Global

Aytən Ağazadə