Rəsmi rəqəmlər niyə əhalinin hiss etdikləri ilə üst-üstə düşmür?-İnflyasiya və real maaşlar

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:42 27.03.2025

Rəsmi statistikaya görə, ötən il ölkədə inflyasiya 3%-dən bir qədər çox olub. Lakin gündəlik alış-veriş edən vətəndaşlar bu rəqəmin reallığı əks etdirmədiyini düşünürlər. İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, hökumətin inflyasiyanı hesablaması siyasi xarakter daşıyır və real bahalaşmanı tam əks etdirmir:

 

“Məsələn, 2024-cü ilin yanvarında mal ətinin kiloqramı 11-12 manat idisə, hazırda 15-16 manatdır. Bu, bir il ərzində 40%-lik bahalaşma deməkdir. Digər məhsullar və xidmətlər də oxşar templə bahalaşıb – məsələn, bərbər xidmətləri 25%, dərzi xidməti 15-20% artıb. Bu şəraitdə hökumətin elan etdiyi 3%-lik inflyasiya real görünmür”.

 

Ekspert qeyd edir ki, Azərbaycanda inflyasiyanın alternativ ölçülməsini aparan müstəqil qurumlar yoxdur. Bu səbəbdən real inflyasiya göstəricilərini dəqiq bilmək mümkün deyil:

 

“Hökumət inflyasiyanı aşağı göstərdiyindən, maaş və pensiya artımları nominal olaraq müsbət görünsə də, real dəyərdə əhalinin alıcılıq qabiliyyəti azalır. Hökumət 3.2%-lik inflyasiya elan edir, pensiyaların isə 8.2% artdığını bildirir. Bu rəqəmlərə görə pensiyada 5% artım görünür. Lakin pensiyaçılar üçün əsas məhsullar – ət 40%, dərmanlar isə 20%-dən çox bahalaşıb. Bu səbəbdən maaş və pensiyaların artımı əhalinin güzəranını yaxşılaşdırmır, əksinə, real gəlirlər ilbəil azalır”,– deyə iqtisadçı vurğulayır.

 

Selcan Əhmədli