Ramazan Bayramı: qəlblərin nurla, mərhəmətlə dolduğu gün

Tarix: 08:58 30.03.2025
Ramazan Bayramı qəlblərə mərhəmət, insanlara ümid bəxş edən bir bayramdır. Bu bayram müsəlman dünyası üçün birlik, sevinc və paylaşma günüdür.
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Ramazan Bayramının mahiyyəti o qədər ali və böyükdür ki, Allah-taala bu bayram vasitəsilə yer üzündə milyonlarla insanı bağışlayır:
“İnsanların bağışlanmasının adı bayramdır, yəni, bayram ümmətin bir ağız olması, millətin bir ürək, bir bilək olmasıdır. Bayram günü şeytanın zəlil olduğu, insanlığın dirçəldiyi bir gündür. Allah-taala dininə xidmət edən, Rəbbimizin ismini, əsmasını ali tutan insanlara bir rəhmət baxışı ilə baxır və insanların bağışlanmasının adına bayram deyir. Bu bayramın daha böyüyünü biz axirətdə cənnətə girdiyimiz zaman görəcəyik inşallah, o böyük rəhmətə orada şahidlik edəcəyik. Bu baxımdan bayram günü bir sevinc günüdür, fəqirlərin sevindiyi, eyni zamanda insanların bir-birinə dua edib, bir-birini bağışladığı gündür. Hər kəsin qəlbindəki nifrəti, kini, qəzəbi söküb ataraq yerinə sevgini, mərhəməti, şəfqəti qoyduğu, insanların məscidlərdə çiyin-çiyinə durub eyni qibləyə yönəldiyi, hər kəsin iç Kəbəsini təmizləyib, o könül qibləsinə yönəldiyi gündür, bu baxımdan bir birlik, vəhdət, bərabərlik günüdür. Bayramın mahiyyəti saatlara sığmayacaq dərəcədə böyük dəyərlərə malikdir”.
İlahiyyatçının sözlərinə görə, fitrə sədəqəsi Ramazan Bayramından öncə çıxarılmalıdır:
“Peyğəmbərimiz(sallallahu aleyhi və səlləm) buyurur:
“Sizin tutduğunuz oruclar səmadan asılıdır, verdiyiniz fitrə sədəqələrinin vasitəsilə Allah dərgahında qəbula yetir”.
Fitrə sədəqəsi zəngin insanlarla kasıb, yoxsul insanlar arasında bir körpüdür. Həm də fitrətin sədəqəsi yaradılışın, yəni, insanlığımızın sədəqəsidir. O gün, biz qarşımızdakı qonşumuzun, əqrəbamızın, qohumlarımızın arasındakı yoxsul insanların ehtiyacını ödəyə biləcəyimiz bir addımı atırıq, onu da sevindirir, bayram şənliyinə onu da qatırıq. Fitrə sədəqəsi möhtac insanlara, kasıblara, fəqirlərə verilir və bunun da minimum həddi var. Fəqir və zəngin insan arasındakı fərqi şəriət belə təyin edir:
“Əgər bir adamın 83 qram qızıldan artıq imkanı, ev-eşiyi varsa, o insan zəngin insan sayılır və fitrə sədəqəsi çıxarmalıdır, belə bir imkana sahib olmayan şəxs isə fitrə sədəqəsi almalıdır”.
Çalışmaq lazımdır ki, həqiqətən ehtiyaclı ailəyə çatdıraq. Amma verildiyi zaman bu mənim fitrəmdir, fitrə sədəqəmdir deyilməməlidir, qarşımızdakı insanı rəncidə etməməli, əzməməli, verdiyimiz sədəqəni batil etməməliyik, onu bir hədiyyə olaraq ona çatdırmalı, bir üsul tapıb o insanı sevindirməliyik”.
Müsahibimiz qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi hər il fitrə sədəqəsi üçün müəyyən miqdar təyin edir:
“Bu il həmin məbləğ minimum hədd olaraq 10-15 manat civarındadır. Lakin fitrənin təyinatı, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) dövründə buğdadan, arpadan, düyüdən, kişmişdən və sairə zəruri qidalardan, təqribən 3 kiloqram miqdarında çıxarılırdı. Günümüzdə isə bu kimi zəruri qidaların pula çevrilmə forması daha uyğun görülür, insanlara pul şəklində verilir ki, onlar da öz ehtiyaclarını ödəsinlər. Amma bir insan təbii ki, ərzaq şəklində də çatdıra bilər, əgər qonşusunda, qohum-əqrəbasının arasında həmin ərzağa ehtiyacı olan varsa, ərzaq şəklində də verə bilər. Amma bu o demək deyil ki, insan ancaq 10 manat verməlidir. Elə insan var imkanı var və ətrafında fəqir insanlar çoxdur, əgər fəqir insanlar çoxdursa, təbii ki, çalışacaqdır ki, o insanların ehtiyacını ödəsin. Bu baxımdan fitrə sədəqəsi bayramdan öncə verilir, bayramdan sonraya saxlanılmamalıdır, çalışmaq lazımdır ki, bayram namazına qədər verilsin.
Allah bayramımızı mübarək etsin. Başda şəhid ailələri, qazilərimiz və o barıt qoxuyan səngərlərdəki əsgərlərimiz olmaqla xalqımızın, alicənab millətimizin bayramını təbrik edirəm”.
Nərmin Həşimova