Neft qoxusunun qan qoxusuna qarışdığı o gün-31 Mart Soyqırımı

Tarix: 00:34 31.03.2025
Çar əsarəti altına düşdüyü gündən bəri Azərbaycan xalqına qarşı amansız faciələr törədilib. Nəhayət, 1917-ci ildə çar devrildi, ancaq bu, Azərbaycan xalqına qarşı törədilən qırğınların bitməsi demək deyildi, çünki Leninin quracağı yeni sistemdə Azərbaycanın müstəqilliyinə yer yox idi. Buna görə də Bakıda ermənilər və bolşeviklər birləşdi. Bolşeviklərin əsas məqsədi burada olan nefti Rusiyaya daşımaq idi. Bunun üçün Lenin ən yaxın tərəfdarlarından biri olan erməni Stepan Şaumyanı vəzifələndirdi. O dövrdə yazılan poemalardan birində həmin Şaumyan “Qafqazın qartalı” adlandırılsa da, tarix bizə sübut etdi ki, o, "Qafqazın çaqqalı" , əbədi düşmənimiz idi.
1918-ci il 31 mart ağır bir qətliamla şəhər ələ keçirildi. O gün təkcə Bakıda 12 min Azərbaycan türkü qətlə yetirildi. Neft qoxusuna qan qoxusu qarışdı.
İstər Türkiyə, istərsə də Azərbaycan arxivlərindən tapılan sənədlər göstərir ki, Birinci Dünya Müharibəsi illərində rus ordusu ilə müttəfiq olan daşnak, ramqavar və hınçaq kimi erməni terror təşkilatları Bakıda, Naxçıvanda, Qubada, Gəncədə, Qarabağda və Zəngəzurda müsəlman əhaliyə qarşı amansız qırğınlar törətdilər.
Bir xalq tamamilə yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Ya bir qurtuluş mücadiləsi başlanacaqdı, ya da Azərbaycan Cənubi Qafqaz xəritəsindən tamamilə silinəcəkdi. Ancaq xalqı bu qanlı girdabdan qurtaracaq qəhrəmanlar var idi. Onlar Tiflisdə istiqlal mücadiləsinə başladılar. Bu kişilər əvvəlcə Çar Rusiyası parlamentində millət vəkili olan 44 siyasətçi idi. Onlardan biri də Məhəmməd Əmin bəy idi. Seym quruldu, ancaq çox uzun sürmədi. Seym Milli Şura ilə əvəz olundu.
Sədri isə Məmməd Əmin oldu.
Və nəhayət:
1918-ci il, 28 may. Bu tarix təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin tarixində dönüş nöqtəsidir. Həmin gün Tiflisdə, Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycanın istiqlaliyyəti elan olundu. Ancaq bu dövlət qonşu dövlətlərdən fərqli olaraq, monarxiya rejimi deyil, cümhuriyyət formasında quruldu.
Dövlət quruldu, ancaq onların müqəddəs vəzifəsi Bakını erməni daşnaklarından azad etmək idi. Rəsulzadənin danışıqları nəticəsində Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun köməyi ilə Bakı 1918-ci il 15 sentyabrda azad edildi və paytaxt 17 sentyabrda Bakıya köçürüldü.
Aprel işğalından sonra 31 Mart Soyqırımında şəhid olanların dəfn edildiyi Şəhidlər Xiyabanı tamamilə məhv edilib, əvəzinə park salındı. Ancaq müstəqilliyin bərpasından sonra 1918-ci ilin şəhidləri 90-cı illərin şəhidlərini bağrına basdı.
Fədakar oğullar Rəsulzadənin
Bayrağı altında dəfn olundular...
On səkkizdə ölən köhnə şəhidlər
Təzə şəhidləri bağrına basdı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı qərara əsasən 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü elan olundu.
Fatimə Şahverdiyeva