Follikulit nədir? -Dermatoveneroloq AÇIQLAYIR

Tarix: 20:04 01.04.2025
Follikulit, tüklərin çıxma nahiyəsində iltihablanma və ya infeksiya nəticəsində yaranan dəri xəstəliyi növüdür.
Mövzu ilə bağlı dermatoveneroloq Sevinc Kərimova “İnformator.az”a açıqlamasında bildirib ki, follikulit dəridə olan tük soğanaqlarının iltihabıdır:
“Əksər hallarda zərif tüklərin iltihabını müşahidə edirik, bu da daha çox qollarda, bədəndə, xüsusilə xanımlar epilyasiya etdikdən sonra, müxtəlif müalicəvi yaxud digər səbəblərdən, masajlardan sonra daha çox rast gəlinir. Kişilərdə daha çox saqqal nahiyəsində, saçların dibində irinli səpgilər şəklində rast gəlinir.
Xəstəliyin səbəbləri müxtəlifdir: masaj prosedurundan və lazer epilyasiyası prosedurundan sonra, natəmiz əllə toxunub dərini qaşıdıqda ikincili infeksiyanı dəriyə daşımaqla bakterial infeksiyaların yoluxması səbəbindən ola bilir. Xəstəliyin əsas simptomları adətən qaşınma və ağrılar ilə müşahidə olunmasıdır. Bəzən sadəcə qırmızı səpgilər kimi görürük, bunlar səthi formalardır. Bəzən daha dərinləşir, irinli pusulalar görürük, irinlər isə bakteriyaya uyğun olaraq sarı, ağ və yaxud yaşımtıl ola bilir”.
Müsahibimizin sözlərinə görə, xəstəlik bəzi hallarda uzunmüddətli steroid preparatlarla müalicə səbəbindən də yarana bilər:
“Müəyyən ağrıkəsicilər var, tərkibində həm steroid, həm də vitamin B12 var, bu cür qarışıq preperatların da təyinatından sonra çox rast gəlirik. Sikoz xəstəliyi isə daha dərin formasıdır, sırf saçlı hissədə, kişilərdə əsas bığ-saqqal və ənsə nahiyələrində rast gəlinir və bu, nəticə etibarilə sonradan atrofik çapıqlaşmaya gətirib çıxarır, bu halda həmin çapıqların artıq tük soğanaqları atrofiyaya uğrayır və tüklər bitmir, atrofik çapıqlar qalır. Ona görə tövsiyyəm odur ki, insanlar şəxsi gigiyena qaydalarına, həmçinin istər lazer, istər masaj prosedurlarına sterilliyə, örtüklərə diqqət etsinlər”.
Nərmin Həşimova