Gənclərin işsizlik problemi

Tarix: 20:52 01.04.2025
Bugünkü qloballaşan və sürətlə dəyişən dünyamızda, gənclərin işsizlik problemi cəmiyyətin qarşısında duran ən aktual və mürəkkəb məsələlərdən birinə çevrilib. İqtisadi böhranlar, təhsil sistemindəki uyğunsuzluqlar və texnoloji inqilabın yaratdığı yeni tələblər gənclərin əmək bazarına daxil olmasını çətinləşdirir.
Mövzu ilə bağlı ekspert Günay Hüseynova "informator.az"a bildirib ki, hazırda bir çox gəncin, tələbənin işsiz qalmasının səbəbi ilk növbədə düzgün istiqamətləndirilməməsi, düzgün təhsilin olmaması, daha sonra isə onlara iş barəsində lazımi dəyərin verilməməsidir:
"Ümumiyyətlə, ölkədəki işsizlik probleminin bir çox səbəbləri var. İqtisadi, təhsil, texnoloji inqilabın yaratdığı tələblər ən başlıca səbəblərdəndir. Bunların ən başlanğıcı təhsildir. Şagirdin, tələbənin beyni o qədər lazımsız biliklərlə doldurulur ki, lazımlı olanlara nə həvəs qalır, nə də zaman. Heç bir şagirdə nə orta məktəbi, nə də ali məktəbi bitirəndə o məlumatlar lazım olmur. Əslində, ibtidai sinif bitdikdən sonra şagirdin bilik və bacarıqlarına görə texniki və ya humanitara ayrılmalı, o yöndə təhsil almalı, universitetdə də o istiqamətdə irəliləyib ixtisaslaşmalıdır. Elə universitetlərin özü də quru cümlə əzbərləyib, testin variantını əzbərləyib diplom almaqdan başqa nədir? Hansı praktiki, faydalı məlumatlar öyrədilir? Tələbə nə edir, David Ricardo, Keynes nəzəriyyəsini quru-quru? İqtisadiyyat fakültəsidirsə, real biznes planının hazırlanması, maliyyə pul siyasəti, yerli/beynəlxalq birjalar/kriptovalyutalar üzərində iş, Marketing ixtisasıdırsa, Sosial Media marketing, Digital Marketing də real mühit və ya mühasibatlıqdırsa, real müəssisələrin hesabatlarının hazırlanması öyrədilməlidir. 4 il heç kəsə lazım olmayan quru biliklə, əlbəttə, heç bir işə qəbul olmaz.
İş məsələsinə gəldikdə, bu gün hansı işə baxsaq, minimum 1 il təcrübə istəyir, əlavə olaraq da müəyyən proqram və biliklər. 4 il universitet oxuyan hardan almalıdır bəs təcrübəni? Təhsil alan tələbənin %30 güclü biliyə sahib olur. Bəs qalanları? Bununla yanaşı, o 30% də iş tapa bilmir. Çünki həm təcrübə məsələsi lazım olur, həm də "dayday". O savadlı kadrlar da xaricə üz tutur. Necə olur ki, biliyinə qiymət verilməyən, üzünə baxılmayan tələbə xaricdə mütəxəssis olur? Sonra da deyirik ki, beyin axını gedir, iqtisadi inkişaf yoxdur, filan sahənin insanı savadsızdır. Niyə bugün camaat müalicə üçün İrana, Türkiyəyə gedir, yaxşı avadanlığı Koreya, Amerika, Malayziya və bu kimi ölkələrdən alır, iqtisadi proqnozlarda Almaniya, İngiltərəyə yönəlir?".
Ekspert gənclər işsizlik səbəblərindən də danışıb:
"Gənclərin işsizlik səbəbi ilk növbədə düzgün istiqamətləndirilməmə, düzgün təhsilin olmaması, daha sonra isə onlara iş barəsində lazımi dəyərin verilməməsidir. Hansısa müəssisədə eyni işi görən xarici vətəndaş 1000 manat alırsa, yerli 400-500 manat alır. Niyə? Nə vaxt öz vətəndaşımıza sahib çıxmağı öyrənəcəyik? Xaricdə isə bu tam tərsinədir.
Dövlət tərəfindən atılan addımlara gəldikdə, müəyyən işlər görülür, bəli, amma orada da daxili nizamsızlıq var. Adını yazdır, siyahıya uyğun vakansiya olduqda çağırılacaq. O da qalıb məmurun insafına. Burada məsələnin ən uğurlu tərəfi öz işini qurmaq istəyən vətəndaşlara avadanlıq, cihazların pulsuz verilməsi və bu sahədə olan kursların təşkil edilməsidir. Yuxarıda qeyd etdiyim kimi, ilk başlanğıc təhsil sistemindəki dəyişiklik olar. Dərsdən sonra ofisiant, xadiməçi işləyən tələbədən hansı performansı, mütəxəssisliyi gözləmək olar? İlk növbədə elə müəllimlərdən başlamaq lazımdır. Mühazirə oxuyub XII-XIII əsrlərin məlumatını danışmaqla iş bitmir. "Biznesin əsasları" fənni var universitetdə. Dərs deyənlərin hansı biznesməndir? "Dövlət və bələdiyyə" ixtisası var, hansı bələdiyyə sədridir? "Mühasibat uçotu və audit" fənni var. Müəllimlərin neçəsi auditdir və ya müəssisənin mühasibi/baş mühasibidir? Tələbəyə real mühit lazımdır. Kitab, pdf oxumağa qalanda, evində oxuyardı da, universiteti neynirdi? Bununla yanaşı, real iş mühiti olmalı, tələbəyə staj yazılmalı, yarımştat olaraq öz ixtisasına uyğun işləməlidir".
Nəzrin Məmmədova