İş günləri başladı

Tarix: 21:43 01.04.2025
Uzun bayram tətilindən sonra artıq respublika ərazisində iş günləri başladı, bu isə insanların iş həyatına adaptasiya olmasında problem yaradır.
Mövzu ilə bağlı klinik-psixoloq Gülşən Rüstəmova “informator.az”a açıqlamasında bildirib ki, belə bir deyim var, tətildən sonra adətən bir tətil daha lazım olur:
"Tətilə adaptasiya olmaq, rahatlığa adaptasiya olmaq daha sürətlə gedir, nəinki gərgin vəziyyətə adaptasiya olmaq. Ona görə insanlar öz işlərini öz temperamentlərinə uyğun seçməlidirlər ki, işlərini sevsinlər, əgər işi sevsələr, demək olar ki, istirahət etmiş olacaqlar. Motivasiya nə qədər psixoloji faktor olsa da, buna fiziologiyamızda təsir göstərir. Tətil müddətində yuxu saatlarını müəyyən edənlərin, qidalanmaya düzgün riayət edənlərin, zehinlərində tətil günlərini cədvəl şəklində formalaşdıranların işə dönməsi daha rahat olur".
İş məhsuldarlığını necə artıraq?
"İşin məhsuldarlığını maddi cəhətdən dəyərləndirə bilərik. İnsan ona görə işləyir ki, əməkhaqqı qazansın. Bu da ona həyat şəraitini gözəlləşdirmək, rahatlaşdırmaq üçün lazımdır. Düşünürəm ki, əslində maddiyyatın hər insana uyğun fərdi şəkildə bölgüsü, onun, təhsilinə, təcrübəsinə, gördüyü fərdi işlərə görə bölgüsü böyük bir motivasiya ola bilər və işin məhsuldarlığını artıra bilər".
Billurə Quliyeva