İrəvandan Novruz təbrikinə görə türkiyəli bloqerə cinayət işi açılıb

Tarix: 21:57 01.04.2025
Bir neçə gün əvvəl türkiyəli bloqer Ogün Özdemir İrəvandan canlı yayımda Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək tarixi Azərbaycan torpağında olduğunu bildirib. Bu təbrik geniş ictimaiyyətin diqqətini cəlb edib. Sonradan bloqerə qarşı cinayət işi açılması məsələsi gündəmə gəlib.
Məsələ ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, bu, hər şeydən öncə göstərir ki, artıq təkcə Azərbaycanda deyil, regionun digər ölkələrinin vətəndaşlarında da Azərbaycanın tarixi torpaqlarının sərhədləri haqqında təsəvvürlər formalaşıb:
"Qardaş Türkiyədən olan bloqerin Novruz bayramı münasibətilə tarixi Azərbaycan torpağından təbrik göndərməsi də bu fikri bir daha sübut edir.
Bloqerə qarşı cinayət işinin açılması isə nə hüquqi, nə də siyasi cəhətdən əsaslandırıla bilər. Birincisi, bloqer heç bir dövlət orqanını təmsil etmir və bu baxımdan onun mövqeyi siyasətləşdirilə bilməz. İrəvan tarixi Azərbaycan torpağıdır və bu fakt kifayət qədər tarixi əsaslara malikdir. Bloqerin tarixi Azərbaycan torpaqlarında olduğunu deməsi heç bir təhdid yaratmır, o, sadəcə tarixi faktı səsləndirib.
Düzdür, bu gün İrəvan beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisidir. Amma bu, İrəvanın tarixi Azərbaycan torpağı olması faktını inkar etmir. Bu, dəyişməz bir reallıqdır. Ermənistan cəmiyyətində və rəhbərliyində də bununla bağlı kifayət qədər aydın təsəvvürlər mövcuddur.
Buna görə də bloqerə qarşı cinayət işinin açılmasının heç bir hüquqi əsası yoxdur.
Əgər bunu rəsmi vəzifə daşıyan hər hansı bir şəxs etsəydi, bəlkə də Ermənistan tərəfi bunu hüquqi cəhətdən hansısa əsasla izah edə bilərdi. Amma mövcud vəziyyətdə belə bir addımın heç bir hüquqi əsası yoxdur. Türkiyəli bloqerə qarşı Ermənistan hüquq-mühafizə orqanlarının bu cür qeyri-adekvat yanaşması, hər halda, Ermənistanın öz maraqlarına ziddir. Çünki Ermənistan təcrid olunmuş bir vəziyyətdədir və qonşulara münasibətdə qeyri-adekvat davranışları bu təcridi daha da dərinləşdirir".
Politoloqun sözlərinə görə, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməsi və Azərbaycanın ərazilərini işğal altında saxlaması Ermənistanı təcrid vəziyyətinə gətirib çıxarıb:
"Amma bu gün Ermənistan rəhbərliyi həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu nümayiş etdirir. Bu cür addımlar isə nə münasibətlərin qurulmasına, nə sülhün əldə edilməsinə, nə də əməkdaşlığın inkişafına töhfə verir. Əksinə, göstərir ki, Ermənistan bu məsələlərdə hələ də səmimi deyil.
Türkiyə tərəfi məsələ ilə bağlı öz mövqeyini bildirməlidir".
Aytən Ağazadə