"Kapqras sindromu"-Yaxınlarımızı tanımamağın sirri

Bölmə: Sosial › ,
Tarix: 22:03 01.04.2025

"Kapqras sindromu" – bu psixoloji pozuntu zamanı insan yaxınlarını və ya tanışlarını əvəz olunmuş kimi qəbul edir. Yəni xəstə inanır ki, sevdiyi insanları əslində başqa biriləri dəyişdirilib və onların yalnız görünüşləri eynidir. Bu sindrom əsasən şizofreniya, beyin zədələri və ya nevroloji xəstəliklər fonunda ortaya çıxır.

 

Mövzu ilə bağlı psixoloq Almara Ağaqızı "İnformator.az"a açıqlamasında bildirib ki, Kapqras sindromu insanın yaxınlarını və ya tanışlarını əvəz olunmuş kimi qəbul etdiyi nadir psixoloji pozuntulardan biridir:

 

"Bu sindromdan əziyyət çəkən şəxslər inanırlar ki, sevdikləri insanlar əslində başqa biriləri tərəfindən dəyişdirilib və onların yalnız görünüşü eynidir. Kapqras sindromunun yaranmasına müxtəlif faktorlar təsir göstərə bilər. Sindromun əsas səbəbləri arasında şizofreniya və digər psixotik pozuntular xüsusi yer tutur. Xüsusilə paranoid şizofreniya xəstələrində bu hal daha çox müşahidə olunur. Bundan başqa, beyin zədələri, travmalar, insult və neyrodegenerativ xəstəliklər (Alzheimer, Parkinson və s.) də bu sindromun inkişafına səbəb ola bilər. Bəzi hallarda Kapqras sindromu epilepsiya ilə əlaqəli olur. Temporal pay epilepsiyası olan insanlarda bu cür yanlış inanclar formalaşa bilər. Bu sindrom daha çox psixotik pozuntusu olan şəxslərdə, eləcə də yaşlı və demensiya xəstələrində rast gəlinir".

 

Həmçinin psixoloq Kapqras sindromunun müalicə və idarə olunması haqqında da danışıb:

 

"Bu sindromun spesifik bir müalicə üsulu olmasa da, müxtəlif terapiya və dərmanlarla simptomları idarə etmək mümkündür. Müalicə əsasən sindromun səbəbindən asılıdır və aşağıdakı üsulları əhatə edə bilər:

 

1.Farmakoloji müalicə:

 

Antipsikotik dərmanlar (məsələn, risperidon, olanzapin)- şizofreniya və psixotik hallarla bağlı olan Kapqras sindromunun müalicəsində istifadə edilir.

 Antidepressantlar və anksiyolitiklər – əgər xəstə depressiya və ya narahatlıq hiss edirsə, əlavə müalicə vasitəsi kimi təyin oluna bilər.

Antikonvulsantlar – epilepsiya və digər nevroloji xəstəliklərə bağlı hallarda tətbiq edilə bilər.

 

2. Psixoterapiya:

 

Koqnitiv-davranış terapiyası (KDT)- xəstənin yanlış inanclarını tanımasına və onları dəyişməsinə kömək edə bilər.

Reallıq yönümlü terapiya- xəstənin yaxınlarını tanımasına və onların real olduğunu qəbul etməsinə yardımçı ola bilər.

 

3.Nevroloji reabilitasiya:

 

Beyin travması və ya insult keçirən xəstələrdə koqnitiv terapiya və reabilitasiya proqramları müsbət nəticə verə bilər.

 

4. Ailə və sosial dəstək:

Xəstənin ailəsi onun vəziyyətinə anlayışla yanaşmalı, ona təzyiq etməməli və emosional stresini azaltmağa çalışmalıdır.

 

Müalicənin effektivliyi sindromun səbəbindən asılı olaraq dəyişir. Şizofreniya və ya psixotik pozuntu səbəbilə yaranan Kapqras sindromunda antipsikotik müalicə daha təsirli olur. Əgər sindrom beyin zədələri və ya nevroloji problemlərlə bağlıdırsa, bu halda reabilitasiya və koqnitiv terapiya ön plana çıxır.

Kapqras sindromu nadir rast gəlinən, lakin insanın gündəlik həyatına ciddi təsir edən bir haldır. Düzgün diaqnoz və müalicə yanaşması ilə xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür. 

 

Nigar Həsənzadə